Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ardıcıl 4 oyunda qələbə qazanmağı bacardı.
Bu nəticələrdən sonra 12 xal toplayan yığma son 2 görüşdən asılı olmayaraq final mərhələsinə vəsiqəni təmin etdi.
Offsideplus.az xəbər verir ki, yığmanın uğurları AFFA rəhbərliyini xeyli sevindirib. Belə ki, qurumun rəhbəri Rövnəq Abdullayev assosiasiyanın saytına açıqlamasında bunları deyib: “Futzal üzrə Azərbaycan milli komandası daha bir uğura imza atmaqla hər birimizi sevindirdi. Moldova milli komandası ilə səfər oyununda qazanılan qələbə, eyni zamanda seçmə mərhələdə əldə olunmuş ardıcıl dördüncü qələbə oldu. Bu nəticə ilə millimiz artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi.
Bir ildən çoxdur ki, COVID-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil. Xüsusilə sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticəyə nail olub. Futzal millimizin son 10 ildə göstərdiyi sabitlik, vacib turnirlərdə qələbələri, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir.
Milli komandamızın növbəti uğurlu çıxışı münasibətilə futzalçılarımızı təbrik edir, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində uğurlar arzu edirəm".