Fransalı ulduz Viktor Vembanyama dördüncü NBA mövsümünə ən dəyərli oyunçu adına əsas namizəd kimi başlayır. Onun çıxış etdiyi "San Antonio Spörs" 2026–27 mövsümünün açılış oyununda "Oklahoma Siti Thunder"i Frost Bank Center-də qəbul edəcək. Son NBA finalında iştirakdan sonra dərin pley-off mərhələlərinin fiziki yükündən danışan Vembanyama liqanın aparıcı oyunçularını yüksək qiymətləndirib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı mərkəz oyunçusu bu barədə belə deyib: "Maraqlıdır, bu oyunçular bunu 10-15 il necə bacarırlar? Görünür, illər keçdikcə bu cür davamlılıq və yetkinlik formalaşır. Mən bunu demək olar ki, hər gün Şay, Yannis, Yokiç kimi oyunçularda görürəm".

Vembanyama komanda ilə birlikdə Six Flags əyləncə parkına səfər zamanı başına gələn maraqlı hadisəni də bölüşüb: "Təhlükəsiz olmadığı üçün attraksionlara minə bilmədim. Boyum uyğun gəlmədi, ona görə də minmədim", – deyə zarafat edib. Mövsümə hazırlıqdan danışan ulduz basketbolçu əlavə edib: "Keçən mövsüm yeni bitib. İndi isə yenidən toparlanıb, məşqlərə başlayıb, bu mövsüm üçün həyəcanlanmağa başlamışıq. Biz hazırıq".

Açılış oyunları öncəsi bəzi Avropalı oyunçuların zədələri də diqqət çəkir. "Oklahoma Siti Thunder"in serbiyalı oyunçusu Nikola Topic bel əməliyyatı səbəbindən meydana çıxmayacaq. "Filadelfiya 76ers" isə Almaniyalı Ariel Hukportini aşil vətəri qopduğu üçün, türkiyəli Adem Bonanı isə sol ayaq zədəsi səbəbindən şübhəli siyahısına daxil edib. "San Antonio Spörs"də Tobias Harris baldır zədəsi, Jayden Quaintance isə diz əməliyyatı səbəbindən oynamayacaq. "Thunder"də Otega Oweh və Thomas Sorber də əməliyyatdan sonra bərpa dövründədir. "Filadelfiya"da Dominick Barlow bel zədəsi, Tacko Fall isə qasıq zədəsi səbəbindən ən azı iki həftə meydana çıxmayacaq. Anfernee Simons və Dean Wade də şübhəli siyahısındadır. "Boston Seltiks" isə "Detroit Pistons"la oyunda Devin Carteri xəstəlik səbəbindən heyətə daxil etməyəcək.

Çərşənbə günü baş tutacaq oyunlar öncəsi "Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr Stefen Karrinin "Los Anceles Leykers"lə qarşılaşmada oynayacağını gözlədiyini bildirib. Ulduz müdafiəçi oyundan əvvəl tam məşq prosesində iştirak edib. Lakin latviyalı Kristaps Porziņģis hələ də sıradan kənardadır.