Serbiyalı ulduz mərkəz Nikola Yokiç gələn yay "Denver Naqqets"lə yeni müqavilə imzalaya bilər. Onun 5 illik 360 milyon dollar dəyərində razılaşmaya imza atacağı gözlənilir ki, bu da NBA tarixində ən yüksək məbləğ olacaq.

Offsideplus.az xəbər verir ki, Yokiç özü də karyerasını "Denver Naqqets"də başa vurmaq istədiyini dəfələrlə bildirib. Liqadakı mənbələr onun komandadan ayrılmasını real saymır. Bununla belə, ekspertlər qeyd edir ki, klub rəhbərliyi Yokiçin sədaqətinə arxayınlaşıb onun ən yaxşı illərini boşa verməməlidir. Komandanın yenidən çempionluq uğrunda mübarizə aparması üçün Yokiçə güclü dəstək heyəti qurulmalıdır. Əks halda, Yokiç başqa kluba keçmək variantını da nəzərdən keçirə bilər. Onun başqa komandada 4 illik müqavilə üçün 267 milyon dollar, "Denver Naqqets"də isə eyni müddətə 278 milyon dollar qazanmaq imkanı var. Əsas üstünlük isə beşinci il üçün əlavə 82 milyon dolların məhz "Denver Naqqets" tərəfindən təklif edilməsidir.