Sloveniya yığmasını 2017-ci ildə Avropa çempionluğuna aparan İqor Kokoşkov, Luka Donçiçin istedadı və "Dallas Maveriks"dəki təcrübələri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Kokoşkov X&O’s CHAT podkastında Donçiçin istedadını ilk məşqlərdən dərhal sonra hiss etdiyini bildirib. "Biz üçüncü məşqi bitirirdik. Köməkçim Rado Trifunoviç mənə dedi ki, bu üç gündə Donçiçin inkişafına nə qədər təsir etdiyimizi düşünürsən? O, fenomenal inkişaf edib. Belə oyunçu ilə işləmək üçün iki məşq kifayətdir ki, onun nə qədər nadir istedada sahib olduğunu anlayasan. Luka bir almaz, Tanrıdan verilmiş bir hədiyyədir", – deyə Kokoşkov vurğulayıb.

Donçiç 18 yaşında Sloveniya ilə Avropa çempionu olub və finalda Serbiyanı məğlub edərək ölkəsinə ilk böyük titulu qazandırıb.

Kokoşkov 2021-ci ildə "Dallas Maveriks"də Ceyson Kiddin köməkçisi kimi Donçiçlə yenidən birgə çalışıb. Lakin məşqçi "Maveriks"dəki təcrübəsinin Kiddlə bağlı heç də müsbət olmadığını bildirib: "Ceyson Kidd mənim sevimli oyunçularımdan biri və basketbol tarixinin ən yaxşı oyun qurucularından olub. Lakin oyunçu Kidd və məşqçi Kidd tamamilə fərqli insanlardır. Onunla yaxşı təcrübəm olmadı və nə meydançadan kənarda, nə də baş məşqçi kimi yüksək fikirdə deyiləm. Bunu bilməkdə heç bir problem görmürəm. Ümumiyyətlə, o, çox istedadlı heyətlərə rəhbərlik edib".

Kokoşkov Kiddin "Bruklin Nets", "Miluoki Baks" və "Dallas Maveriks"də məşqçi postuna məhz oyunçu kimi qazandığı nüfuz sayəsində gəldiyini qeyd edib: "O, ilk işini 'Bruklin'də ulduzlarla dolu heyətlə başladı. Sonra 'Miluoki'də Yannis və çempionluğa iddialı heyət, ardınca isə 'Dallas'da Luka ilə işləmək imkanı qazandı".

Kokoşkov həmçinin bildirib ki, Donçiçlə keçmiş münasibətinin Kiddə qarşı loyallığına təsir etməyəcəyini şəxsən izah edib: "Bir il işlədikdən sonra Kiddə dedim ki, Luka ilə ortaq tariximiz var, onu yaxşı tanıyıram və bu, komandaya kömək edə bilər. Amma mən burada Luka üçün yox, sənin üçün işləyirəm. Bu, sənin komandandır. Lakin o, bunu heç vaxt tam qəbul edə bilmədi. Bu, onun şəxsi problemləri ilə bağlı idi və mən qarışmaq istəmədim".

"Dallas Maveriks" həmin mövsümü 52 qələbə və 30 məğlubiyyətlə başa vurub və Qərb Konfransının finalına yüksəlib. Kokoşkov bir ildən sonra komandadan ayrılaraq "Bruklin Nets"ə keçib.