Peyton Pritçard "Boston Seltiks"də uzunmüddətli yeni müqavilə imzalamağa yaxındır. Klubun rəhbərliyi oyunçunun illik 22 milyon dollar məvacib alacağı yeni razılaşmanı nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, bu barədə Boston jurnalisti Qeri Uoşbern məlumat verib. Onun sözlərinə görə, Pritçard müqavilə uzadılması üçün növbədə olan növbəti oyunçudur və klub üçün ən sərfəli aktivlərdən biri hesab olunur. Hazırda 7,7 milyon dollar qazanan oyunçu 2027/28 mövsümündə 8,3 milyon dollar alacaq. Yeni müqavilənin məbləği isə illik 22 milyon dollar ola bilər. Uoşbern bildirib ki, bu qərar Pritçardın cari mövsümdəki çıxışından asılı olacaq, lakin artıq oyunçu özünü kifayət qədər göstərib. 28 yaşlı basketbolçu 1 oktyabrdan etibarən rəsmi olaraq yeni müqavilə imzalaya bilər. Qeyd edək ki, o, ötən mövsüm orta hesabla 17,0 xal, 5,2 assist və 3,9 ribaundla karyerasının ən yaxşı göstəricilərinə imza atıb.


