Kayri İrvinq uzun müddət ön çarpaz bağ zədəsindən müalicə alandan sonra yenidən meydana qayıtmağa hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, sonuncu dəfə 3 mart 2025-ci ildə oynayan təcrübəli basketbolçu artıq tam sağalmaq üzrədir.

Bu yay bir çox komanda İrvinqi heyətinə qatmaq istəsə də, "Dallas Maveriks" rəhbərliyi bütün təklifləri rədd edib. Lakin iddialara görə, klub rəhbərliyi əslində fərqli plan qurub.

Əgər İrvinq zədədən sonra əvvəlki səviyyəsinə yaxın oyun göstərə bilsə, "Dallas Maveriks" onu fevralda transfer pəncərəsinin son günlərində başqa kluba göndərməyi düşünür.

Klubun yeni siması Kuper Flaqın cəmi 19 yaşı olması "Maveriks"in prioritetlərini dəyişib. İndi rəhbərlik 34 yaşlı ulduz oyunçunu heyətdə saxlamaq əvəzinə, Flaqı gənc basketbolçular və gələcək üçün dəyərli seçimlərlə əhatə etmək niyyətindədir.

Hazırda əsas sual odur ki, zədədən əvvəl hər oyunda orta hesabla 24,7 xal, 4,8 ribaund və 4,6 assist göstərən və All-Star səviyyəsində çıxış edən İrvinq yaxın gələcəkdə hansı komandanın formasını geyinəcək.