"Klivlend Kavalers" təcrübəli oyunqurucu Dennis Şröderin transferi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, Klivlend təmsilçisi yayda maaş büdcəsini boşaltmaq niyyətindədir. Rəhbərlik heyəti yeniləmək və azad agentlər – Conatan Kuminqa ilə Peyton Vatsonu heyətə cəlb etmək üçün maliyyə imkanlarını artırmaq istəyir. Lakin almaniyalı basketbolçunun 2026/27 mövsümündə 14,8 milyon, növbəti mövsümdə isə 15,5 milyon dollar qazanacağı müqaviləsi bu keçidi çətinləşdirir.

Buna baxmayaraq, "Şarlott Hornets", "Minnesota Timbervulvs", "Detroyt Pistons" və "Orlando Mecik" kimi klublar Şröderlə maraqlanır. Əgər müqavilə baş tutsa, bu, təcrübəli oyunçunun karyerasında 9-cu dəfə "trade" olunması və 12-ci fərqli klubda çıxış etməsi olacaq.

Mövsümün gedişində "Klivlend Kavalers"ə qoşulan və baş məşqçi Keni Atkinsonun rəhbərliyi altında ehtiyatdan meydana çıxan Şröder, keçirdiyi 47 oyunda orta hesabla 7,2 xal və 3,6 assistlə yadda qalıb.