Ben Simmons uzun fasilədən sonra NBA-yə mümkün qayıdışı ilə bağlı diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, 2016-cı ilin NBA dreftinin birinci seçimi olan Simmons son illərdə həm fiziki, həm də psixoloji çətinliklər səbəbindən meydançadan uzaq qalıb. "Filadelfiya Seventi Siksers"dən ayrıldıqdan sonra karyerasında ciddi eniş yaşayan oyunçu, sosial şəbəkədə paylaşdığı mesajla yenidən basketbola qayıtmağa hazır olduğunu bildirib. Simmons paylaşımında belə yazıb: "Hekayəni dəyişmək istəməzdim. Zirvələr, enişlər, ağrılar, vaxt və dərslər – hamısını qəbul edirəm. Hər bir mərhələ məndə başqa cür formalaşmayacaq xüsusiyyətlər yaratdı. Getdiyim yoldan minnətdaram. Dayandığım nöqtə ilə fəxr edirəm. Qarşıda nə olursa-olsun, hazıram".
Bu açıqlamadan sonra Simmonsun hansı komandada çıxış edəcəyi ilə bağlı müxtəlif ehtimallar səsləndirilib. Onun yenidən "Filadelfiya Seventi Siksers"ə qayıda biləcəyi iddia olunur. Müdafiədə və ötürmələrdə fərqlənən Simmonsun, ehtiyat oyunçu kimi də olsa, NBA səhnəsinə qayıtmaq üçün ciddi motivasiyası olduğu vurğulanır.


