Azərbaycan millisinin basketbolçusu Derin Berközün Offsideplus.az saytına müsahibəsi
– FİBA Avropa Çempionatındakı çıxışınızı necə qiymətləndirirsiniz?
- Komanda olaraq Azərbaycan basketbolu tarixində ilk dəfə B divizionunda belə bir nəticə əldə etdik. Bunun bir parçası olduğum üçün çox xoşbəxtəm. Amma düşünürəm ki, daha yüksək pillələrə yüksələ bilərdik. Təəssüf ki, bəzi matçlarda uğursuz şəkildə məğlub olduq. Həmin oyunlarda qalib gəlsəydik, çempionatı daha yüksək mövqedə başa vura bilərdik.
– Bu çempionat fərdi baxımdan da sizin üçün uğurlu keçdi. Turnuvanı orta hesabla 13 xal, 5 ribaund, 5 məhsuldar ötürmə, 1 topalma və 11 faydalılıq əmsalı ilə başa vurdunuz.
- Əslində, fərdi statistikadan daha çox komandama nə qədər faydalı ola bildiyimə diqqət yetirirəm. Təkcə hücumda deyil, ribaund və müdafiədə də əlimdən gələni etməyə çalışdım. Amma daha çox çalışaraq növbəti turnirdə oyunumdakı çatışmayan cəhətləri inkişaf etdirmək istəyirəm.
– Bu turnirdə hansı oyunu xüsusilə fərqləndirərdiniz?
- İsveçrə ilə oyunda komandamın qələbəsi üçün yaxşı çıxış etdim. Həmin qarşılaşma mənim üçün xüsusi əhəmiyyət daşıyır.
– Hazırda Azərbaycan millisində ab-hava necədir?
-Xüsusilə məşqçilərim və federasiya mənə çox güvənir, inkişafım üçün hər cür dəstək göstərirlər. Buranı öz ailəm kimi görürəm və komandadakı isti atmosferdən çox məmnunam.
– Gələn mövsüm həm klubunuz, həm də milli komanda ilə bağlı hədəfləriniz nələrdir?
- Həm klub, həm də milli komanda səviyyəsində mənə verilən hər tapşırığı yerinə yetirməyə hazıram. Gənc oyunçu kimi əsas məqsədim daim inkişaf etməkdir. Bu yolda mənə dəstək olan məşqçilərimə də təşəkkür edirəm.
– Siz Azərbaycan Basketbol Liqasında da çıxış etmisiniz. Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsiniz?
- Açığını desəm, son mövsümlərdə Azərbaycan Basketbol Liqasının səviyyəsi xeyli yüksəlib. Xüsusilə mənim mövqeyimdə çox güclü legioner oyunçular çıxış edirlər. Buna görə də burada qalıb belə rəqabətli mühitdə oynamağı seçdim. Əslində, bu il NCAA-dan da təkliflər almışdım. Buna baxmayaraq, burada qalaraq inkişaf etməyin mənim üçün daha doğru seçim olduğunu düşündüm. Bundan əlavə, 20 yaşımı tamamlayana qədər Azərbaycanda oynayıb "homegrown" (yerli yetişdirilmiş oyunçu) statusu qazanmaq istəyirəm.


