"Neftçi” ötən gün gözlənilmədən “Dinamo”ya məğlub oldu. Konfrans Liqasında belə startı heç kəs gözləmirdi. 

Bəs “Neftçi”nin əfsanələrindən hesab olunan Ağasəlim Mircavadov necə? Veteran futbolçu və məşqçi fikirlərini Offsideplus.az-la bölüşüb:

"Neftçi”nin uduzacağını gözləmirdim. Sloveniyada yaxşı təlim-məşq toplanışı keçiblər. Orada olmuşam, görmüşəm. Dünənki oyunda 12-14 dəqiqədən sonra komanda ağırlaşdı. Xüsusilə də ikinci hissədə çox yubanırdılar. “Dinamo”nu yaxşı tanıyıram, SSRİ dövründə onlarla çox oynamışıq. Hazırda Belarus klubları maliyyə və digər baxımdan yaxşı durumda deyillər. Dünən isə bunun əksini gördüm. Legionerləri “Neftçi”nin əcnəbilərini üstələdi. Onların aldığı maaş da “Neftçi”nin futbolçularından aşağıdır. Düzdür, “ağ-qaralar” 2 qol vura bilərdi, amma 3 qol buraxdı. Mövcud şərait və baş məşqçiyə verilən səlahiyyətləri nəzərə alsaq, hazırlıq da xoşuma gəlmədi. Komanda çox ağır idi. Hansı oyunu oynadıqlarını da anlamadım. Orta xətti bəyənmədim. Mərkəz müdafiəçiləri də səhvlər etdi. Biri var rəqib səhvə məcbur etsin, biri də var özün edəsən. Bu oyuna görə “Neftçi”nin mərhələni keçməsi çətin görünür".