Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması bu gündən etibarən Taylandın paytaxtı Banqkokda təşkil olunan FIBA Çempionlar Kubokunda çıxışına başlayıb.

Offsideplus.az xəbər verir ki, B qrupunda qərarlaşan yığmamız turnirin ilk günündə iki qarşılaşma keçirib.

Basketbolçularımız ilk oyunda Kanada ilə üz-üzə gəlib. Görüş Kanadanın 16:10 hesablı qələbəsi ilə başa çatıb.

Qızlar sonra meydan sahibi Tailand komandası ilə qarşılaşıblar.

Onlar rəqiblərinə 13 xal fərqlə qalib gəliblər - 21:8.

Qrup mərhələsinin növbəti oyununda yığmamız sabah İspaniya seçməsi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirin qalibi olacaq komanda eyni anda üç mühüm turnirə - FIBA 3x3 Çempionlar Kuboku 2027-yə, FIBA 3x3 Dünya Kuboku 2027-yə, 2028-ci il Yay Olimpiya Oyunları üçün birbaşa vəsiqə verən Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.