Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sabah"la cavab görüşündəki uğursuzluq "Sumqayıt" azarkeşlərinin səbr kasasını daşırıb.
Offsideplus.az saytının oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, "Sabah"ın ikinci hissədə ardıcıl qollar vurması sumqayıtlı futbol həvəskarlarının əhvalını korlayıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna toplaşan azarkeşlər baş məşqçi Vaqif Cavadova etirazlarını bildiriblər. Onlar buraxılan ikinci qoldan sonra "Vaqif, divizion bizi gözləyir" şüarını səsləndiriblər.
Bununla da, "Sumqayıt"ın küskün fanatları nəinki kubokda mübarizənin başa çatmasına, "qara zolaq"dan çıxa bilməyən komandanın hətta I liqaya yuvarlanmaq təhlükəsində olduğuna işarə vurublar.
Qeyd edək ki, "gənclik şəhəri" təmslçisi son 10 oyunda qol vura bilmir. Komanda Premyer Liqada 7-ci yerdə qərarlaşıb. Sumqayıtlıları axırıncı sıradan cəmi 4 xal ayırır.