Sabah Avropa Liqasının Liqa mərhələsi çərçivəsində "Qarabağ" FKSB ilə üz-üzə gələcək.
Təmsilçimiz avrokuboklarda bir zamanlar əsas qol silahı olan Olavio Juninyosuz ilk oyununa çıxacaq. Komandanın və azarkeşlərin sevimlisi olan braziliyalının yoxluğunda "köhlən atlar"ın necə təsir bağışlayacağını, hücum xəttinin fürsətlər zamanı nə dərəcə effektiv olacağın Yunis Hüseynov ilə təxmin etməyə çalışdıq.
Mütəxəssis offsideplus.az-a açıqlamasında qarşılaşmaya nikbin yanaşdığını bildirdi:
"Juninyo yaxşı futbolçudur. Həmişə avrokubok oyunlarında özünü yaxşı tərəfdən göstərirdi. Rəqib komandalara başağrısı olub qollarını vururdu. Fikrimcə Ağdam klubunda həm əsas heyət, həm də ehtiyat oyunçular eyni səviyyədədir. Hər birinin yüksək potensialı və oyunu dəyişə biləcək gücü var. Nəzərə alaq ki, görüş evdə baş tutacaq və azarkeşlər önündə "Qarabağ" daha yaxşı oyun nümayiş etdirir. Məncə təmsilçimiz sabah Juninyosuz da qalib gələ bilər".
Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.