2 gün öncə "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazandı.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə "Bude-Qlimt"i 2:1 hesabı ilə məğlub etdi. Zəfər Günündə əldə edilən bu qalibiyyət "köhlən atlar" üçün vacib idi. 17 yaşlı futbolçulardan ibarət millimizin baş məşqçisi İlham Yadullayev də belə düşünür. Çalışdırıcı saytımıza açıqlamasında "Qarabağ"ın qələbəsi ilə bağlı bunları söylədi:
"Əvvəlki 3 avrokubok oyunu ilə müqayisədə "Bude-Qlimt"lə matçda rəngarəng, şən futbol görmədik. Təbii ki, heyətdəki cəzalılar və zədəlilərin olması da "Qarabağ"ın oyununa təsir etdi. Bundan başqa, Norveç təmsilçisi də aqressivliyi və kreativliyi ilə seçildi. Meydan sahibləri demək olar ki, boşluq vermir və güclü təzyiq edirdi. Buna baxmayaraq, "köhlən atlılar" əzmkarlığı sayəsində layiqli qələbə qazandılar. Xal əldə etməklə yanaşı, psixoloji və mənəvi toparlanmaq üçün də bu qalibiyyətə çox ehtiyac var idi. Hesab edirəm ki, Qurban Qurbanov və yetirmələri Novreçdəki uğurlu nəticənin ardını gətirəcəklər. "Qarabağ" səfər qələbəsi ilə Zəfər Günümüzə işıq saçdı".