Bu gün Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” və Azərbaycanın “Zirə” klubları üz-üzə gəlib.
Qarşılaşma “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda “Offside”a düşən məqamları diqqətinizə çatdırırıq:
* Komandalar meydana çıxmamışdan öncə "Zirə"nin kapitanı Qismət Alıyevin isveçrəli hakim Alessandro Dudiçlə söhbət etməsi maraq doğurdu.
* Rəşad Sadıqovun tərtib etdiyi "11-lik"də yalnız Davit Volkov 2023/24 mövsümündə "Zirə"nin heyətində çıxış etmirdi.
* "Şerif Arena"da oyunu izləyənlər arasında 30-a yaxın azərbaycanlı da var idi. Onlar bir yerdə yox, stadionun müxtəlif yerlərində əyləşmişdilər.
* Qapı arxasındakı tribunada böyük Azərbaycan bayrağı asılmışdı.
* Matçın 24-cü dəqiqəsində su fasiləsi verildi.
* "Zirə" Avropa Liqasında 2-ci dəfədir ki, iştirak edir. Bakı təmsilçisi 2017/18 mövsümündə də turnirə qələbə ilə başlamışdı. Həmin dövrdə Ayxan Abbasovun rəhbərlik etdiyi komanda "Dalğa Arena"da "Differdanj"ı 2:0 hesabı ilə məğlub etmişdi.