“Bu axşam ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq. Buna görə çox sevincliyik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının qrup mərhələsinin pley-off mərhələsinin "Olimpiya” ilə cavab oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri tarixi uğur qazandıqlarını bildirib: “Səhv etmirəmsə, Avropada 16 klub ardıcıl 10 dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Onların da əksəriyyəti birbaşa qrup mərhələsinə vəsiqə əldə ediblər, təsnifat mərhələsi oynayaraq yox. Bu gün bizim üçün tarixi bir gündür. Mən bu sevinci xalqımızda gördüyüm üçün çox məmnunam. Bu hissləri ifadə etmək çətindir. Avropada zəif komanda yoxdur. Ona görə də bizim üçün çətin oyun alındı. Qurban hoca növbəti dəfə öz məharətini göstərdi”.
Klub rəhbəri mümkün transferlərlə bağlı sualı belə cavablandırıb: “Qurban hocanın əlində büdcəsi, imkanları var. Onun üçün məhdudiyyət yoxdur. Məndə bu haqda məlumat yoxdur. Bəlkə hansısa oyunçunu gözaltı ediblər”.
T.Gözəl “Liverpul”, “Roma” kimi kollektivlərə qarşı mübarizə aparmağa hazır olduqlarını bildirib: “Mən komandamıza inanram. “Liverpul”u, “Roma”nı Bakıda görməyi çox istərdim. “Qarabağ” və Azərbaycanı artıq bütün dünya tanıyır. Rəqiblərimizi burada gözləyirik, hansı komanda olur, olsun, onları Bakıda çətin sınaq gözləyir”.