UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Neftçi" Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında komandanın baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb:
"Maraqlı oyun alındı. Hesaba baxmayaraq, mərhələ iki matçdan ibarətdir. Səfər qolu ləğv olunduqdan sonra bu, bizə üstünlük verə bilər. Səfər matçında hər şeyə sıfırdan başlayacağıq. Hər bir halda xarakterimizi ortaya qoymalı, oradan sərfəli nəticə ilə gəlməliyik. Bunun üçün hər şeyi edəcəyik. Aqil Məmmədov zədələndikdən sonra planımız pozuldu. Buna baxmayaraq, Kamran İbrahimov bu cür matçda çox inamlı oynadı. Bu da komandaya inam verdi. Cavab görüşündə əlimizdən gələni edəcəyik".
Onun sözlərinə görə, sxemin içində oyunçu dəyişiklikləri məcburiyyətdən doğan bir şeydir: "Futbolçuların psixoloji və fiziki durumunu biz daha yaxşı bilirik. Düz deyirsiniz, Emin Mahmudova çox yük düşdü. Emin özü də çox qaçan oyunçudur. Komandama təşəkkür düşür, razı qaldım".
43 yaşlı mütəxəssis ilk hissədə zədələnən Aqil Məmmədovun durumuna da toxunub: "Onun səhhətində problemlər var idi. "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu. Neçə gün məşq etməmişdi. Bu gün Aqilin zədəsi haqqında nəsə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".
Abasov hesabın bərabərləşməsindən sonra oyunçuların müdafiəyə çəkilməsi barədə bu sözləri deyib: "Açığı deyim, oyunun sonlarında bəzi futbolçularda yorğunluq özünü biruzə verirdi. Sıx oynamaq məcburiyyətində idik. Hərdən rəqib də səni məcbur edir. Məncə, uşaqlar əlindən gələni etdilər".
Təcrübəli mütəxəssis oyundan sonra Kane və Mbocla etdiyi söhbət haqda açıqlama verib: "Uşaqlar həddindən artıq üzgün idi. Kane deyirdi ki, "Neftçi" bu gün udmalı idi. Ona başa salırdım ki, oyundur, belə şeylər olur".