UEFA Avropa Liqasının qalibi olan "Vilyarreal" və baş məşqçisi Unay Emeri tarixə düşüb.
Offsideplus.az xəbər verir ki, Avroliqa tarixində ilk dəfə finala çıxan və "Mançester Yunayted"i məğlub edən (1:1, penlati seriyası: 11:10) "Vilyarreal" tarixində ilk böyük kuboku qazanıb.
Daha öncə "Sevilya" ilə 3 dəfə Avropa Liqası çempionu olan Unay Emeri isə karyerasında 4-cü dəfə kuboku başı üzərinə qaldırıb. İspaniyalı mütəxəssis bu kuboku ən çox qazanan baş məşqçi olub ("Sevilya": 2014, 2015, 2016, "Vilyarreal": 2021).
"Vilyarreal" Avroliqada qalib gələn 5-ci İspaniya komandası olarkən, daha öncə "Sevilya", "Atletiko", "Real" və "Valensiya" da Avropanın ikinci böyük turnirdə çempionluq yaşayıb.
Bundan əlavə, "Sarı Sualtı Qayıq" bu mövsüm Avropa Liqasında heç bir komandaya uduzmayıb. Unay Emerinin komandası məğlubiyyətsiz çempion olan 9-cu komanda olub.