Məlum olduğu kimi, "Vilyareal" - "Qarabağ" oyunu baş tutmayacaq.
Dekabrın 10-na planlaşdırılan qarşılaşma Azərbaycan çempionunun heyətindəki futbolçuların kütləvi koronavirusa yoluxma səbəbindən təxirə salınıb və bu haqda hər iki klub ictimaiyyətə xəbər verib.
İndiki durumda hər kəsi maraqlandıran suallar var: oyunun taleyi necə olacaq? "Qarabağ"a texniki məğlubiyyət veriləcək? Ümumiyyətlə, görüşün baş tutmaq ehtimalı varmı?
Oyunun başqa tarixə salınması ehtimal kimi görünsə də, çətin məsələdir. Əvvəla ona görə ki, dekabrın 10-da (istisna hallar üçün son tarix kimi yanvarın 28-i göstərilib) Avroliqada pley-off iştirakçıları bilinməlidir. Lap deyək ki, fors-major hal olduğuna görə turniri təşkil edən qurum başqa vaxt tapdı. Bəs həmin vaxta qədər "Qarabağ"da vəziyyət düzələcək? Ya da, sıx qrafik altında oynayan və planlarını əvvəldən quran "Vilyareal" buna razı olacaq?
Offsideplus.az xəbər verir ki, UEFA vəziyyətdən çıxış yolu axtarır. Buna baxmayaraq, təmsilçimizə texniki məğlubiyyət verilməsi də istisna olunmur. Bunu offsideplus.az-a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov bildirdi: "Ehtimallardan biri səfərə yollana bilməyən komandaya texniki məğlubiyyətin verilməsidir. Lakin burda bir məsələ var ki, oyunun baş tutmamasının günahkarı sırf biz deyilik. UEFA matçın baş tutmasını istəyir. Lakin bunun üçün əlverişli vaxt seçillməlidir. Bir neçə gündən sonra İspaniyada "Kral Kuboku"da başlayacaq deyə, "Vilyareal" üç gündənbir oynamalıdır. Hazırda UEFA-dan cavab gözləyirik".