Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, son gündə 4 yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq.
Nihat Məmmədli (60 kq) təsəlliverici qarşılaşmada Erik Torba (Macarıstan) ilə üz-üzə gələcək. Bu görüşlər Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Həsrət Cəfərov (67 kq) finalda Gürcüstan güləşçisi Coni Xetsurianini sınağa çəkəcək.
Ülvü Qənizadə (72 kq) qızıl medal uğrunda görüşdə İbrahim Qanem (Fransa) ilə qarşılaşacaq.
Rafiq Hüseynov (82 kq) isə "bürünc" üçün Branko Kovaçeviç (Serbiya) / Roland Şvarts (Almaniya) cütünün ən güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək.
Medal görüşlərinə Bakı vaxt ilə saat 19:00-da start veriləcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) "qızıl", Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) "bürünc" qazanıb. Qadınlardan Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) gümüş medala sahib çıxıb.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) isə finalda məğlub olaraq, gümüş medalla Avropa çempionatını başa vurublar.