Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi 0:5 hesabı ilə İsveçə məğlub olub.
Offsideplus.az xəbər verir ki, İsveç millisinin baş məşqçisi Yanne Andersson oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
63 yaşlı mütəxəssis matçdan sonra “Viaplay TV”nin studiyasında yerli mütəxəssis Boyan Corciçlə mübahisəsi barədə bu sözləri deyib:
“5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm. Bu nəticədən sonra əlbəttə ki, özümü müdafiə edəcəyəm. Bu gün üçün özümə və komandama təşəkkür edirəm”.
Andersson Azərbaycan millisi ilə matçın iştirak ərizəsinə salınmayan Zlatan İbrahimoviçin zədə səbəbindən oynamadığını söyləyib: “Təəssüf ki, oynaya bilmədi. Komandanın heyətində meydana çıxmağı çox istəyirdi. Oynamadığı üçün əsəbidir”.