AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Azərbaycan millisi səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:
- 27-ci dəqiqəyə kimi bərabər səviyyəli oyun gedirdi. Problemimiz yox idi, topa nəzarət edirdik. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə özünəinamı itirdik. Bundan sonra bizim üçün çox çətin oldu.
- Buraxılan qolları və heyət seçiminizi necə şərh edirsiz?
- Matçdan əvvəl Bəxtiyar Həsənalızadə ilə Anton Krivotsyuk arasında seçim etməli idik. Anton 9 saatlıq yol gəlmişdi deyə risk etmədik.
- Azər Əliyev və Yusif İmanov millidə debüt etdilər. Onların oyununu necə dəyərləndirirsiz?
- Gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Azər təcrübəli futbolçudur, bizə fayda verəcək. Elvin Cəfərquliyevin sarı vərəqəsi olduğuna görə onu əvəzlədik.
- Avstriya millisi haqda nə deyə bilərsiz?
- Avstriya çox güclü komandadır. Bu gün Alaba və Arnautoviç yox idi. Sabitzer əla oyun nümayiş etdirdi. Texniki və fikizi fərq özünü göstərdi. Bu, bizim üçün gələcəkdə dərs ola bilər.
- Azərbaycana gələndə qarşınıza hansı hədəflər qoyulmuşdu. 3 ildə nəyə nail olmusuz?
- 3 il əvvəl mən bura gələndə yeni bir yola başladıq. Düşündük ki, gənclərə yol verək. Son matçlara baxsaz, inkişafı görərsiz. Bu gün bizimlə Avstriyanı müqayisə etmək doğru olmaz. Son 5 matçda 5 qələbə qazanmışıq. Azərbaycan millisinin tarixində belə nəticə olmamışdı.
- Gəncləşdirmədən danışdınız. Riçard Almeyda, Höccət Haqverdi bu siyasətə uyğun gəlmir...
- Adını çəkdiyiniz futbolçulardan yaxşısını tapsaq, miliyə dəvət edəcəyik. Geniş seçim imkanımız yoxdur. Bu günə kimi hər şey yaxşı idi. Qısa vaxtda hər şey dəyişdi. Gələcəyə inamla baxmalıyıq. Növbəti matçlarda yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik.