Daha bir idman şərhçisi Bakıda keçiriləcək Avro-2020 oyununa buraxılmayıb.
Offsideplus.az xəbər verir ki, söhbət tanınmış rusiyalı şərhçi Mixail Mossakovskidən gedir.
Mossakovski bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb. O, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçına buraxılmama səbəbini belə izah edib:
"Sabah Uels - İsveçrə oyununu şərh etməli idim, lakin sərhəddə xarici pasportuma baxarkən Ermənistan möhürü gördülər. Gözləməyimi xahiş etdilər, sonra məni geriyə - Moskvaya uçmaq üçün çıxışa apardılar. Akkreditasiya təsdiqinə və Azərbaycan Futbol Federasiyasiyaları Assosasiyasından verilən kağıza da baxmadılar".
Şərhçi məsələnin kökünü illər əvvəl Qarabağda futbol turnirində olmasında görür:
"Bəli, mən uzun illər əvvəl Qarabağda keçirilən futbol turnirində olmuşam. Ancaq bu xeyli müddət əvvəl olub və bu gün Bakıya buraxılmama səbəbi kimi həmin vaxt pasportuma vurulan Ermənistan möhürü göstərilə bilməz. Bir sözlə, Avro-2020 mənim üçün belə başladı. Halbuki Azərbaycan Futbol Federasiyaları Assosasiyası tərəfindən dəvət məktubum vardı".
Xatırladaq ki, bundan əvvəl "Matç TV" telekanalının şərhçisi, erməni əsilli jurnalist Nobel Arustamyan da Bakıda keçiriləcək AÇ-2020 oyunlarına buraxılmamışdı.