UEFA futbol üzrə Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, qitə futbol qurumu bu məsələ ilə bağlı qardaş ölkə yığmasının üzvlərini qınayıb, həmçinin Türkiyə Futbol Federasiyasını cərimələyib.
UEFA əsgər salamı verən futbolçulara - Merih Demiral, Umut Meraş, Burak Yılmaz, Mert Günok, Zeki Çelik, Cenk Tosun, Mahmut Tekdemir, Uğurcan Çakır, Yusuf Yazıcı, Hakan Çalhanoğlu, Okay Yokuşlu, Ozan Tufan, Sinan Bolat, Emre Belözoğlu, Deniz Türüç və İrfan Can Kahveciyə qınama cəzası verib.
Türkiyə ilə Fransa arasındakı oyunda tribunalarda yaşanan olaylara görə də TFF 50 min avro cərimə olunub.
Türkiyə millisinin futbolçuları AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər.
Xatırladaq ki, Türkiyə millisi AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Qardaş ölkə təmsilçisi qrup mərhələsindəki 2 matçını - iyunun 17-də Uelslə, iyunun 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.