2018-ci ilin 12 avqust tarixinə qayıdaq. Çempionatın I turunda “Keşlə”yə 1:0 hesabı ilə qalib gələn “Sabah” Premyer Liqada debüt matçında ilk qələbəsini qazandı.

İlk qalibiyyətini tarixi ərzində 4 ad dəyişmiş komandaya qarşı qazanan “Sabah” yerli futbolsevərlərin sevgisini qazanmaq üçün bu günümüzə qədər çox çalışmalı oldu. Bəs “Sabah” klubu necə brendə çevrildi?

Nəticənin vacibliyi

2017-ci ildə yaranan “Sabah” 2017/18-ci illər mövsümündə Azərbaycan I Divizionunda mübarizə aparır və sezonu 5-ci pillədə tamamlayır. Klub növbəti sezondan etibarən Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ qazanır və ilk mövsümünü 7-ci yerdə başa vurur. Masazır təmsilçisi 2019/20 sezonu 6-cı, 2020/21 və 2021/22 mövsümünü 5-ci, ötən sezonu isə 2-ci yerdə bitirir. Komanda qarşısına qoyulan vəzifə tamamlanır və klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanır. Konfrans Liqasında debüt mövsümündə keçirdikləri 4 oyunda 3 qələbə qazanaraq, 1 məğlubiyyətdən sonra turnirlə vidalaşırlar.

Son iki mövsüm ərzində çempionluq uğrunda yarışı, avrokuboklardakı çıxışı, 4 yaş üzrə komandalarının ölkə çempionu olması ilə “Sabah” azarkeşlərin, futbolsevərlərin və medianın diqqətini özünə cəlb etməyi bacardı. Lakin iş bununla bitmir. “Bayquşlar” ölkə futbolunda sosial media marketinqində zirvədə olan “Neftçi” ilə son dönəmlərdə başabaş mübarizə apardı, hətta “ağ-qaralar”ın hegemonluğuna bir qədər son qoydular.

“Sabah” necə brendləşdi?

Masazır təmsilçisi bu gününün vacibliyini qəbul edərək, sabahını uğurla qurur. Yaddaqalan sloqan, azarkeşlərlə əlaqələr, diqqət çəkən transfer təqdimatları və yerli klublara qarşı münasibət bir klubun uğurlu marketinq siyasətinə nümunədir.

“Sabah bizik” sloqanını ürəklə səsləndirən klub ötən mövsüm daxili yarışlar üzrə ən çox nəticə qazanan komanda oldu. Çempionatda gümüş medal qazanan “Sabah”ın U-17, U-16, U-15 və U-13 komandaları ötən mövsümü çempion olaraq başa vurdu.

«Futbol azarkeşlər üçün oynanılır» devizi ilə fəaliyyət göstərən klubun azarkeşlər üçün “Bank Respublika Arena”da yerləşən fan şopu və onlayn mağazaları var. Avrokuboklarda debüt mövsümündən öncə “fan şop” istifadəyə verildi və azarkeşlər klubun atributları ilə birgə oyunlarda iştirak və dəstək olmağa çağırıldı. Yeni transferlər baxımlı, dünya trendlərinə uyğun şəkildə təqdimatlarla təqdim olundu ki, bu da günlərlə futbol camiəsinin diqqət mərkəzində qaldı. Klub ilk dəfə çıxış etdiyi avrokuboklar ərəfəsində “Qarabağ”, “Neftçi” və “Qəbələ” klublarına uğurlar arzulaması və ya təbriklər ünvanlaması ilə də rəğbət qazanmağa davam etdi.

 

 

 

 

 Beləliklə, deyə bilərik ki, “Sabah” klubu yaranışının 6-cı ilində qazandığı uğurları düzgün davam etdirilən marketinq siyasəti ilə vəhdətləşdirərək Azərbaycan futbolunda bir brendə çevrilməyi bacarıb. Bu klubun aşağı yaş qruplarına göstərdiyi diqqəti nəzərə alaraq, ümid edirik ki, sabahın onların olduqlarını gələcəkdə də göstərərlər.

 

Günay Xəlil