Azərbaycanın FIFA20 üzrə ilk rəsmi ölkə liqası olan “FIFA20 Milli Liqası” başa çatdı.

Aprelin 20-də start verilən, 20 komandanın qatıldığı və 29 gün davam edən çempionluq marafonuna 38 turdan sonra yekun vuruldu.

“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi, ümumi mükafat fondu 17 000 manat olan yarışda kiberfutbol üzrə ölkənin ən təcrübəli idmançıları güclərini sınadılar. İlk dövrədən sonra, baş tutan 2 günlük transfer pəncərəsi isə bəzi klubların daha da güclənməsinə gətirib çıxardı. Futbol azarkeşlərini pandemiya dövründə darıxmağa qoymayan “Milli Liqa”, həm də kiber idmanın vətənimizdə nə qədər inkişaf etdiyini göstərdi. Televiziya tamaşaçılarına İdman TV, internet istifadəçilərinə isə @glahub “twitch” kanalı vasitəsilə təqdim olunan turnirin bütün qarşılaşmaları, İdman TV-nin şərhçiləri tərəfindən daha da həyəcan qazandı. Futbolda yeni bir dövrün başlaması, kiber idmana peşəkar yanaşma və gənclərin bu sahədə düzgün istiqamətləndirilməsinə böyük təkan verən çempionatın, sadəcə ilk addımının şahidi olduq. İldə 4 mövsümün keçirilməsi nəzərdə tutulan “FIFA20 Milli Liqası” izləyicilərinə hələ çox həyəcan yaşadacaq. İndi də yekun nəticələr və mövsümün qəhrəmanları ilə tanış olaq.

Cavid Qurbanov
Çempionatın elə ilk turlarından liderliyi ələ keçirən və gücünü göstərən Cavid Qurbanov, bu yeri sona qədər əlində saxlamağa nail oldu. Turnirin favoritlərindən olan 21 yaşlı Cavid və təmsil etdiyi “Nakhchivan Alinja Tower” rəqiblərinə cəmi bir dəfə boyun əyib, 6 dəfə sülhə razılıq verdiyi halda, 31 matçda qələbəni bayram etməyi bacardı. Bu göstərici ilə ümumilikdə 99 xal toplayan Naxçıvan təmsilçisi, liqanın ilk mövsümünün çempionu kimi adını qızıl hərflərlə tarixə yazdırdı.

Tural HəsənovÇempionatın ikinci pilləsi, güclülər sırasında yer alsa da, ilk turlarda zəif təsir bağışlayan Tural Həsənova qismət oldu. Mübarizəyə “Karabakh Horses” kollektivi ilə qoşulan 20 yaşlı kiber idmançı, köhlən Qarabağ atlarını çətinliklə yəhərləsə də, ikinci dövrədən etibarən sözünü deməyə başladı. Komandasını meydana çıxardığı 38 oyunda 29 qalibiyyət əldə edən Tural, 6 heç-heçə və 3 məğlubiyyətlə yekunda 93 xalla kifayətlənmiş oldu. Yekunda ən yaxın izləyicisini 12 xal qabaqlayan “Karabakh Horses”, mövsümün ən çox qol vuran komandası adına da yiyələndi. 

Cavid Murtuzayev

Daha bir 20 yaşlı gənc və liqanın tapıntılarından biri olan Cavid Murtuzayev. Ona həvalə edilmiş “Kalbajar Wolves” klubu ilə uzun müddət liderlik mübarizəsi aparan Cavid sonradan büdrəsə də, nəticədə 81 xal toplayaraq turnir cədvəlinin 3-cüsü olmağı bacardı. Hələ kiber idmançı karyerasının başlanğıcında olan Cavidi, gələcəkdə daha böyük uğurlar və parlaq nəticələr gözləyir.

Turnir cədvəli 1 10
Çempionatın startında autsayderlərdən biri kimi görülən və bu oyunu ən az oynamış iştirakçı Ayxan Əliyev, elə ilk matçda hər kəsin yanıldığını sübut etdi. Favoritlərdən Tural Həsənovun “Karabakh Horses” klubunundan xal qoparan “Shaki Khans” təmsilçisi, liqanın gedişində də rəqiblərinə ustalığını göstərdi. Ümumi nəticədə 4-cü pilləyə yiyələnən 23 yaşlı kiber idmançı, keçirdiyi görüşlərin 23-də qələbəni bayram edib.

Rəhman Quliyev
Turnir cədvəlinin 5-ci sırasındakı komandaya gəldikdə isə, çox maraqlı və dramatik mövsüm ssenarisinin şahidi oluruq. “Shamakhi Lions” kollektivini idarə edən Rəhman Quliyev, ilk dövrənin tamamında 8 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlik göstərici ilə 9-cu pillədə qərarlaşmışdı. Qeyri stabil oyun tərzini yarışın gedişində dəyişməyə nail olan 21 yaşlı Şamaxı təmsilçisi, favoritlər sırasına adını yazdırmağı da bacardı. Transfer fasiləsindən sonra təmsil etdiyi komandanın adına uyğun olaraq, aslanlar kimi sücaət göstərən Rəhman, qalibiyyətlərinin sayını 20-ə çatdıraraq ilk beşlikdəki yerini tutdu.

İbrahim Kərimov

Odlar yurdumuzun ən qədim guşələrindən birini təmsil edən “Qobustan Stones” və klubun həvalə edildiyi İbrahim Kərimov “FIFA20 Milli Liqası”nın ilk mövsümünü 6-cı olaraq tamamladı. Ən güclü 8 pillə arasında, hamıdan çox qol buraxmasına baxmayaraq, rəqib qapılarına 100 dəfə yol tapan 4 iştirakçıdan biri oldu. Keçirdiyi 38 görüşdə aktivinə 20 qələbə xalı yazdıran İbrahim, həm də çempionatın ən gənc kiber idmançısıdır. Hələ 19 yaşı olan Qobustan təmsilçisi, əldə olunan nəticə ilə adının boş yerə favoritlər sırasında hallanmadığını sübut etməyi də bacardı.

Mövsümün yekununda turnir cədvəlinin 7-ci sırası son matçda “Quba Tigers”i 2 cavabsız qolla üstələyərək xallarının sayını 63-ə çatdıran Anar Bədəlovun “Khizi Mountains” klubuna qismət oldu. 8-ci pilləyə Nicat Aslanzadə və ona tapşırılan “Sumqayit Peacekeepers” kollektivi yiyələndi. 9-cu yer isə paytaxtımızın yeganə təmsilçisi “Old City White Pants” klubunun payına düşdü. Nihat Məmmədovun idarə etdiyi ağ şalvarlılar, liqaya pis başlasalar da, sonradan özlərinə gəlməyi bacardılar. Amma Nihatın qeyri stabil oyunu içəri şəhərlilərin dəfələrlə yer dəyişməsinə və orta sıralarda qalmasına gətirib çıxardı. Gənclər şəhəri təmsilçisi Nicat isə çempionatda qüsursuz başlanğıcın davamını məğlubiyyətlərlə gətirdiyi üçün çempionluq mübarizəsindən kənarda qaldı.

Turnir cədvəli 10 20

Sıralamada 10-cu pillədən başlayaraq ardıcıl olaraq liqanın ortababları sayılan, Oktay Məmmədovun “Ganja Poets”, transfer aralığında yarışa qoşulan Rüfət Niftəliyev və ona təhkim olunan “Quba Tigers”, eyni aqibətlə üzləşən Vahid Əfəndiyevin “Qazakh Ashiqs” klubu, Süleyman Quluzadənin keçid pəncərəsində təhvil aldığı “Shabran Carpets”, eləcə də yarı yolda Fərhad Ağayevə tapşırılan “Lankaran Heroes” kollektivləri yer alıblar. Əvvəldə göstərdiyi oyunu zamanla itirən Azər Əliyev və onun “Qakh Berkuts” yığması isə 15-ci yerdə məskunlaşaraq, ümüdünü növbəti mövsümə bağladı.

Turnir cədvəlində son 3 pilləni tutacaq komanda 2-ci liqaya yuvarlanacağı üçün 16-cı sıradan başlayaraq, son 5 klub arasında gərginlik günü-gündən artırdı. Nəticədə Camal Baxşəliyevin idarə etdiyi “Neftchala Sailors” 16-cı, ölüm-qalım qarşılaşmasında “Shaki Khans”ı doğma meydanda 4-2 hesabıyla məğlub edən Fariz Zeynalovun “Zaqatala Foresters” komandası isə 17-ci oldu. Meşəbəyləri ilə eyni xala sahib “Gabala Eagles” və həmin kollektivə başçılıq edən Vüsal Şaxmalzadə, buraxılan qollardakı geriləməyə görə 18-ci yerdən ikinci liqaya yollandı. İlkin Aslanın rəhbərliyindəki “Tartar Soldiers” və sondan 1-ci Əli Eminovun idarə etdiyi “Mingachevir Energizers” klubları da Qəbələ qartallarına yol yoldaşı oldular.

Bu hələ başlanğıcdır. “FIFA20 Milli Liqası” növbəti dəfə iyul-avqust aylarında, 2-ci mövsümü ilə izləyicilərin qarşısında olacaq. Həm kiberfutbol, həm də digər kiber idman həvəskarları “Gaming League Azerbaijan”ı sosial şəbəkələrdən izləyə bilərlər.

https://fifa.gla.az/
https://www.instagram.com/glahub/
https://www.facebook.com/glahub/
https://www.twitch.tv/glahub