Beynəlxalq Kiberidman Federasiyası (IESF) mənzil-qərargahını Seuldan Dubaya köçürtməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, bu barədə Dubayın Beynəlxalq Ticarət Mərkəzində bu günlərdə keçirilən “İdmanda süni intellekt” konfrans və sərgisində iştirak edən Beynəlxalq Kiberidman Federasiyasının Prezidenti Kolin Vebster məlumat verib. IESF həmçinin Dubayda bir sıra mühüm tədbirlər keçirməyi nəzərdə tutub. Onların sırasında Federasiyanın illik beynəlxalq konfransı da var. Həmin konfrans ideya mübadiləsi, sinergiyanın yaradılması və kiberidmanın inkişafı ideyaları baxımından qarşılıqlı konsensusun əldə olunması məqsədilə müxtəlif ölkə və beynəlxalq şirkətləri ümumi platformada birləşdirir. “Dubay gözəl mühiti olan bir şəhərdir. Buna görə də qərargahımızı ora köçürmək istəyirik. Zənnimcə, Dubay kiberidmanın qlobal mərkəzinə çevrilə bilər. Həmçinin gələn il illik sammitimizi də orada keçirməyi düşünürük. Gələn ildə Dubayda “Expo 2020” keçirilməsini nəzərə alsaq, bu çox məntiqli bir addım olacaq”, - deyə Vebster deyib. “Biz səbirsizliklə məhz həmin şəhərdə yeni beynəlxalq yarışların təşkili məqsədilə Dubay İdman Şurası və yerli Kiberidman Federasiyası ilə birgə iş gözləyirik. Bu, Dubayın ecazkar idman mərkəzlərindən birində keçiriləcək kiberidman üzrə Dünya Kuboku da ola bilər. Məsələm, Hamdan kimi idman kompleksində belə bir yarışın təşkili möhtəşəm ola bilər”, - deyə o əlavə edib.
Xatırladaq ki, hazırda İESF-in heyətinə 60 üzv dövlət daxildir. Azərbaycan 2011-ci ildən bu qurumun bərabərhüquqlu üzvüdür. 2011-ci ildə Bakıda kiberidman üzrə Dünya çempionatı da keçirilib. Azərbaycan Kiberidman Federasiyası baş sponsor “Topaz”ın dəstəyi ilə bu il 2019-cu il Dünya çempionatının milli seçmə mərhələsini təşkil edəcək. DOTA, PES 2020 və Tekken 7 növləri üzrə keçiriləcək yarışlar oktyabrın 26-27-də “Nizami” kino mərkəzində baş tutacaq.