Onunla görüşdə arxayınlaşdınsa... 

Güləş, cüdo, taekvondo, karate, boks kimi idman növlərində adından söz etdirən, mübariz döyüşçülərin vətəni kimi tanınan Azərbaycan, sevindiricidir ki, həm də "zəka savaşı"nda - şahmatda dünyanın qabaqcıl ölkələrindən sayılır. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, mərhum Vüqar Həşimov və digər adlı-sanlı qrossmeysterlərin sayəsində elitaya yüksəldiyimiz bu növdə, zəriflərimizin də uğurları az deyil. Qadınlarımız SSRİ dönəmindən bu yana, müxtəlif yaş qrupları üzrə dəfələrlə qitə və dünya miqyaslı yarışlarda fərqləniblər. Son illər qazanılan nailiyyətlərə nəzər saldıqda, əminliklə söyləyə bilərik ki, Azərbaycan qadın şahmatı ən yaxşı dövrlərindən birini keçirir. Bu yazıda sizi, ənənələrin layiqli davamçısı, millimizin aparıcı simalarından olan Gülnar Məmmədova ilə yaxından tanış edəcəyik. O, 2016-cı ildə tarixi ilkə imza ataraq, "odlar yurdu"na olimpiadanın qızıl medalını qazandırıb.
 
Öncə yığma komandamızın ən təcrübəli üzvü Zeynəb Məmmədyarovanın fikirləri ilə tanış olaq: "Gülnarda ən çox bəyəndiyim cəhət, mübarizliyi, məğlubiyyətlə barışmamağıdır. Uduzanda hamımız pis oluruq, amma o, təəssüf hissini bizdən qat-qat artıq keçirir. Buna görə də, sonadək qələbə əzmini itirmir. Vəziyyət necə olur-olsun, rəqibləri onunla görüşdə sayıqlığı əldən verməməlidir. Yoxsa bu, onlara baha başa gələr. Gülnar bu günə qədər imkansız görünən çox partiyanı qalibiyyətlə başa vurub. Şəxsən mən Azərbaycan qadın şahmatında onun qədər geridönüş edən adam tanımıram".
 
 
Gəlincik və şahmat lövhəsi arasında seçim
 
Məmmədova Gülnar Mərifət qızı 1991-ci ildə Şirvan şəhərində doğulub. Orta təhsilini şəhər 10 saylı məktəbdə alıb. Doqquzuncu sinfə qədər dərslərini əla, son iki ili orta qiymətlərlə oxuyub. Şahmata gəlişi isə lap erkən yaşlarına təsadüf edib. Əslində, hansı peşənin sahib olacağı, o, hələ dünyaya gəlmədən məlum idi. Belə ki, anası Zemfira xanım rayon şahmat məktəbində müəllim kimi çalışıb. Bəzi səbəblərə görə, böyük karyera qura bilmədiyindən, arzularının qızında təcəssüm tapmasını istəyib. Beləcə, ana, günün birində, hər bir qızcığaz kimi gəlinciklərlə oynamağı sevən Gülnarı, maraqlı seçim qarşısında qoyur. Bir əlində gəlincik, digərində isə şahmat taxtası ilə qarşısına keçərək, birini götürməsini istəyir. Lövhəyə qarşı biganə olduğunu gördükdə, ana, deyir ki, şahmatı seçsən, hər şeyin olacaq: "Ailən də olacaq, evin də, maşının da". Bununla da, kiçik Məmmədovada şahmata qarşı həvəs yaranır. İlk addımlarını da elə anasının yanında atır. Bunu da xüsusi vurğulayaq ki, o, 2009-cu ilədək yarışlara Zemfira xanımın yanında hazırlaşıb.
 
 
23 gün sonra zirvədə...
 
Necə deyərlər, ot kökü üstündə bitər. Tezliklə oyunun qaydalarını mənimsəyən Gülnarın uğurları özünü çox gözlətmir. Cəmi 23 gün şahmatla məşğul olan altı yaşlı qızcığaz,  Respublika gününə həsr olunan turnirin qalibi olur. Çox keçmir ki, zona birinciliklərində də mükafata layiq yerlər tutur. Bu minvalla da respublika çempionatlarının iştirakçısı olur. Müxtəlif yaş qruplarında ölkə çempionatının qalibi olan Məmmədova, ilk beynəlxalq nailiyyətini 2001-ci ildə, Moskvada təşkil olunan ənənəvi "Məktəbdə şahmat" turnirində qazanır. "Qızıl"ı boynundan asan Gülnar, növbəti il də analoji turnirə qatılaraq, ikinci nəticə göstərir.
 
 2006-cı il isə sadəcə, mükəmməl alınır. Belə ki, 16 yaşadək şahmatçılar arasında respublikanın ən güclüsü olan 15 yaşlı vunderkind, sözügedən yaş qrupunda əsas qitə yarışının bürünc, dünya çempionatının gümüş medalına yiyələnir. Həmin ildə o, 20 yaşadək qızların Azərbaycan birinciliyini də ikinci sırada tamamlayır. 2007-ci ildə isə cəmi 16 yaşında olsa da, bütün rəqiblərini geridə qoyur. Ardınca 18 yaşadək qızlar arasında ölkə çempionatının bürünc və gümüş medallarını kolleksiyasına daxil edən Gülnar, 2009-cu ildə Moskvada keçirilən ənənəvi "Aeroflot open" turnirinin B qrupunda ikinci nəticə göstərir, qadınlar arasında Azərbaycanın "ən yaxşı zəka sahibi” statusuna yüksəlir.  Bu adı sonrakı il də heç kimə güzəştə getmir. Bunu da qeyd etmək yerinə düşər ki, ardıcıl iki il respublikanın ən güclüsü olmaq, Azərbaycan qadın şahmatında nadir hadisədir.
 
 
Tarix ardınca tarix
 
Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olan Məmmədova, Bakıda məskunlaşaraq, yığmamızın kapitanı Fikrət Sideifzadənin rəhbərliyi altında hazırlıqlarını davam etdirir. Ölkə çempionatlarındakı çıxışı barədə qısaca qeyd edək ki, o, 2011-ci ildən bu yana sadəcə, iki dəfə mükafatsız qalıb. Beş dəfə üçüncü nəticə göstərib, bir dəfə gümüş medal sevinci yaşayıb. Karyerasının ən böyük uğuru isə sözsüz ki, Bakıda təşkil olunan olimpiadada qazandığı qalibiyyətdir. Doqquz turdan yeddi xal toplayan Məmmədova, yer aldığı üçüncü lövhədə bütün rəqiblərini qabaqlayaraq, adını Azərbaycan qadın şahmatı tarixinə əbədi həkk etdirdi. Bu anları xatırlamaq yerinə düşər: "Ona qədər bir neçə dəfə mükafatçılar sırasına düşmək imkanım olub. Sadəcə, son turlarda uduzduğum üçün hədəfə çata bilməmişdim. "Doğma divarlar" arasında qarşıma qoyduğum əsas məqsəd, uduzmamaq idi. Çünki məhz bu halda medal şansım olacaqdı. Daha çətin olan son qarşılaşmalarda da yenilmədim və çempionluq qazandım. Açığı, bu, bir az gözlənilməz oldu. Fəxri kürsüyə dəvət olunanda Milli Gimnastika Arenasını bürüyən alqış sədaları və himnimiz səslənən zaman keçirdiyim hisslər sadəcə, möhtəşəm idi. Mükafatlandırma zamanı mənə verilən Azərbaycan bayrağını isə ən əziz xatirə kimi saxlayıram".
 
2011-ci ildə beynəlxalq usta, bir il sonra isə qrossmeyster dərəcəsi alan Gülnar, Bakıdakı triumfdan qısa müddət sonra - 2017-ci ilin yanvarında xallarının sayını 2401-ə yüksəldərək, kişilərin beynəlxalq usta normativini yerinə yetirən ilk qadın şahmatçımız kimi də tarixə düşüb.
 
 
Həyat yoldaşının dəstəyi
 
2017-ci ildə ailə həyatı quran Gülnarın, yaxınlarda qız övladı dünyaya gəlib. Sirr deyil ki, qadın idmançıların bir çoxu ailə qurduqdan sonra müəyyən problemlərlə üzləşir. Lakin Məmmədovanın bu sarıdan da bəxti gətirib. Həyat yoldaşının, qarşısına çıxan əngəlləri aşmaqda hər zaman yardım etdiyini, psixoloji cəhətdən maksimum dəstək göstərdiyini deyir. Bunda da təəccüblü heç nə yoxdur. Belə ki, onun ömür-gün yoldaşı da uzun illərdir idman camiəsində təmsil olunur. İmzasını "Futbol+" qəzetindən tanıdığımız, ötən ildən isə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi postunu tutan Sərxan Musalı, idman mediasında son illərin ən uğurlu qələm sahiblərindən sayılır. 2016 və 2017-ci illərdə müxtəlif qurumlar tərəfindən ilin ən yaxşısı seçilən həmkarımız, həm də jurnalistlər arasında yaxşı şahmat oynaması ilə ad çıxarıb. Sərxan deyir ki, əvvəl şahmatda gücünü tez-tez sınasa da, son vaxtlar ruhdan düşüb. Səbəb isə Gülnarın "amansız" olub, cəmi 30 saniyəyə onu mat etməsidir.
 
 
Rapid üzrə ən yaxşı
 
"İtalyan oyunu" adlanan açılışa üstünlük verən Gülnar, açıq və sürətli oyun tərzi ilə seçilir. Deyir ki, çox fikirləşəndə, beyində gedişlər təkrarlanır. Qeyd edək ki, sürətli şahmatda da kifayət qədər yüksək reytinqə sahibdir. Belə ki, o, rapid üzrə dünya reytinqində hazırda 2418 xalla 28-ci sırada qərarlaşıb. Bu da ölkəmizdə ən yaxşı göstəricidir.
 
Müəllim
 
Kumiri əfsanəvi rusiyalı qrossmeyster Aleksandr Alyoxindir. Kimliyindən asılı olmayaraq, heç bir rəqibə uduzmağı özünə bağışlamayan Gülnardan, "niyə məhz o" deyə soruşduqda, "ömrünün sonunadək çempionluğu əldən vermədiyinə görə" cavabını aldıq.
 
Hobbisi şeir oxumaqdır. Sevdiyi müəlliflər isə Nəriman Həsənzadə və mərhum Nüsrət Kəsəmənlidir.
 
2014-cü ildə Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasını bitirən qəhrəmanımız, elə həmin ildən də bu təhsil ocağında pedaqoji fəaliyyətə başlayıb.
 
 
Portret
 
Şahmat aləmində ən yaxın rəfiqələri Zeynəb və Türkan Məmmədyarovalardır. Düşünürük ki, məşhur bacıların fikirləri Gülnarın portretini formalaşdırmaq üçün kifayət edəcək.
 
Zeynəb: "O, uğurlu şahmatçı olmaqla yanaşı, yaxşı, bir az da fərqli insandır. Qapalıdır, çox adamla ünsiyyət saxlamır. Nədənsə, biz bacılar istisnayıq. Yaradıcı ruha sahibdir. Xarakterindəki fərqliliyi bununla əlaqələndirirəm. Gülnarın yaxşı şeir yazmaq bacarığı var. Yadımdadır ki, Xanti-Mansiyskdə ad günümü qeyd edəndə, imkan tapıb mənə iki bənd şeir həsr etmişdi.
 
Türkan: "Həm şahmatda, həm də həyatda olduqca əzmkardır. Çətinliklərə qarşı hədsiz dözümlüdür. O, həm də rahatlıqla sirrimi bölüşəcəyim biridir. Onun kimi, mənim də ətrafım geniş deyil. Hətta deyərdim ki, Gülnar ən yaxın rəfiqəmdir. 
 
Gələcək karyerası barədə də nikbin düşünürəm. Çünki o, şahmata çox bağlı insandır. Yeni ana olsa da, imkan tapıb məşqlərə də vaxt ayırır".
 
Mənbə: Kaspi.az