Sentyabrın 15-i saat 20:45-də “Qarabağ”ımız “Tofiq Bəhramov” stadionunda bu mövsümün UEFA Avropa Liqasının ilk ev oyununu keçirəcək.

 

Qonağımız bu dəfə Fransanın “sarı-yaşıllar” və ya “sarıbülbüllər” ləqəbləri ilə tanınan “Nant” klubudur.

Fransanın ən nüfuzlu futbol klublarından biri olan “Nant” 8 qat Fransa çempionu və 4 qat Fransa kubokunun sahibidir. 2021-22 mövsümündə məhz Fransa kubokunu qazanaraq Avropa Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Finalda “sarıbülbüllər” son illərdə Fransa çempionatının güclərindən biri sayılan “Nitsa”ya 1-0 hesabı ilə qalib gəlmişdir. Təcrübəli azarkeşlər 2000-2001-ci il mövsümündə Fransa çempionluğunu qazanaraq növbəti il Çempionlar Liqasında parıldamış komandanı yada sala bilərlər. “Latzio”, “Qalatasaray” və PSV kimi ağır rəqiblərlə üz-üzə gələn “Nant” hamını təəccübləndirərək qrup birincisi olmuş və mübarizəni ikinci qrup mərhələsinədək davam etmişdir. Lakin bundan sonra klub uzun bir tənəzzül dövrünə girmiş və son Kubok uğuruna qədər 21 il titulsuz qalmışdır. Həmin dövr ərzində “sarı-yaşıllar” 2 dəfə Fransanın yuxarı liqasının tərk etməli oldu və Intertoto kubokundakı 2 uğursuz iştirakı istisna olmaqla, avrokuboklara həsrət qalmalı olmuşdur. İndiyə qədər klubun Avropadakı ən böyük uğuru, Reynald Pedros və Yaffet Ndoramın seçildiyi heyətin 1995-96=cı il mövsümündə Çempionlar Liqasının yarımfinalına çıxması qalır.

Hazırkı “Nant”ın baş məşqçisi Antuan Kombuare oyunçu karyerasının 7 ilini klubda keçirmiş, çalışdırıcı isə ən çox 2009-11-ci illərdə ərəblər tərəfindən alındığına qədər PSJ klubundakı işi ilə məşhurdur. Daha sonra o, əsasən Fransanın müxtəlif ortabab klublarını çalışdırırdı. Lakin 2021-ci ildə Fransa çempionatında 18-ci yeri tutmuş və Liqa 1-də qalmaq uğrunda oyunlarda “Tuluza”nı güclə uda bilmiş “Nant”I götürərək Kombuare ciddi irəliləyişlərə nail ola bilib: keçən mövsümdə "sarıbülbüllər" 2016-17 mövsümündən sonra ən yüksək olan 9-cu yer tutmuş, üstəlik Fransa kubokunu qazanmışdılar. Komandanın heyətində dünyaca məşhur futbolçular çox olmasa da, Fransa yığması, “Nyukasl” və “Tottenhem”in sabiq yarımmüdafiəçisi Mussa Sissoko, nigeriyalı hücumçu Moyzes Saymon və Fransanın yeniyetmələr arasında yığma komandasının liderlərindən olmuş Lüdovik Blasın adlarını çəkmək olar.

Bu mövsüm klub üçün çətin başlayıb: 7 oyunda cəmi 1 dəfə qələbə qazana bilmiş “Nant” turnir cədvəlində 6 xalla 15-ci yerdə qərarlaşmışdır. Görünür ki, komandanın əsas gücü olan hücum hətti hələ ki keçənilki formasına düşə bilmir. Sonuncu turda “Nant” səfərdə coğrafi qonşusu olan “Loryan”la prinsipial oyunda 2-3 hesabı ilə uduzmuşdur. Digər tərəfdən, Avropa Liqasında debüt oyununda komanda müsbət nəticə əldə edə bildi: 90-cı dəqiqə cavan hücumçu Evan Gessan-ın qolu sayəsində yunan futbolunun dəyişməz flaqmanı “Olimpiakos” 2:1 hesabı ilə məğlub edilmişdir.

Həmçinin qeyd edək ki, qarşıdan gələn oyun “Qarabağ”ın Fransa klubları ilə rəsmi səviyyədə 5-ci qarşılaşması olacaq. Daha öncə, Ağdam klubu 2014-15 mövsümündə Avroliqanın qrup mərhələsində “Sent-Etyen”lə 2 dəfə heç-heçə edib (0:0 Bakıda və 1:1 səfərdə). Növbəti il nüfuzlu “Monako”ya qarşı oynayarkən “köhnə atlar” səfərdə minimal hesabla uduzandan sonra Bakıda sensasiyalı qələbəyə çox yaxın olsalar da, oyunu 1-1 hesabı ilə bitirmişdilər. Başqa klublarımız arasında Fransa rəqibləri ilə üz-üzə gəlmək ancaq “Qəbələ”yə nəsib olmuşdur: 2016-17 mövsümündə qrup mərhələsinə gedən yolda qəbələlilər sürpriz göstərərək “Lill” komandasını yarışdan kənarlaşdırdılar, qrupda isə “Sent-Etyen”ə səfər və ev oyunlarını 0-1 və 1-2 hesabı ilə uduzmuşdur.

“Qarabağ”-“Nant” qarşılaşmasının baş hakimi Albaniyalı Enea Yorqyi olacaq. Denis Reca və Ridiger Çokay yan xətt, Yucin Caya dördüncü hakim qismində yardımçı olacaq. Son məlumatlara əsasən, oyun artıq 20 mindən çox bilet satılıb, “Tofiq Bəhramov”da növbəti anşlaq gözlənilir. Klubumuzun heyətindən 3 nəfərin zədəli olduqlarına görə oyunu buraxacağı gözlənilir, onların hamısı müdafiəçilərdir- Maksim Medvedev, Kevin Medina, Rahil Məmmədov. Bu problemlərə baxmayaraq, “Qarabağ”ın qələbəsinə əminik!

Oyuna biletiniz yoxdursa playstore və ya appstore-dan Eventeam tətbiqini yükləyərək (https://eventeam.app) “Qarabağ”-“Nant” tədbirinə girib “gedirəm” düyməsini basaraq 3 nəfər bilet sahibindən biri ola bilərsiniz.