"Fənərbağça"nın sabiq prezidenti Ali Koç narkotik işi üzrə ifadə verən klub prezidenti Sadettin Sarana dəstək açıqlayıb.
Offsideplus.az xəbər verir ki, İstanbul Cumhuriyet Baş Prokurorluğu tərəfindən aparılan “narkotik” istintaqı çərçivəsində “şübhəli” qismində ifadə verən Saran Ədliyyə Tibbi Ekspertiza Mərkəzində saç və qan nümunəsi təqdim etdikdən sonra şərti nəzarətlə sərbəst buraxılıb.
Saran azadlığa çıxdıqdan sonra verdiyi açıqlamada deyib:
“Dünyanın ən yaxşı insanıyam? Xeyr. Qüsursuzam? Xeyr. Cinayət etdim? Xeyr. Dövlət çağırarsa, harada olsaq da dərhal gələrik. Başqaları kimi gəlməməzlik etmərik.”
Jurnalist Sercan Hamzaoğlunun məlumatına görə, bir tədbir zamanı mövzuya toxunan Ali Koç belə danışıb:
“Biz insan içində bir cür, təklikdə başqa cür olmayacağıq. "Fənərbağça"nın yanındayıq. Başqaları kimi klub pis gedəndə kababçıya gedib video paylaşmayacağıq. Hər zaman" Fənərbağça"nın və Sadettin Saranın yanındayıq.”
Koç həmçinin azarkeş və klub daxilində birliyin qorunmasının vacibliyini vurğulayıb:
“Belə bir vəziyyətdə prezidentliyi düşünmərəm. Gəlin, cənab Sadettin Saranın arxasında olaq, onu dəstəkləyək. Kimsədən fərqli səslər eşitmək istəmirəm. Bu prosesdə hər kəs onun yanında olsun.”
Hadisə ilə bağlı hüquqi proses davam edir.



