Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray" yeni transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi ikinci dəfə "Liverpul"un isveçrəli futbolçusu Cerdan Şakiriyə "elçi" düşüb.
29 yaşlı vingeri satınalma bəndi daxil icarəyə götürmək istəyən "cim-bom" Mersisayd təmsilçisinə təklif göndərib.
Hazırda Şakirinin transfer dəyəri 12 milyon avrodur. Türkiyə mətbuatında "Qalatasaray"ın bu məbləği ödəməyə hazır olduğu yazılır.
"Qırmızılar"ın baş məşqçisi Yurgen Kloppun növbəti mövsüm üçün sərəncamında yer alıb-almayacağı məlum olmayan futbolçunun komandasından ayrılacağı gözlənilir.
Qeyd edək ki, isveçrəli 2018-ci ildən Premyer Liqa təmsilçisinin şərəfini qoruyur.