Türkiyənin "Fənərbağça" klubu maliyyə qaydalarını pozduğu üçün UEFA tərəfindən böyük məbləğdə cərimələnib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi məsələ ilə bağlı rəsmi bəyanat yayıb.

​Klubun rəsmi açıqlamasında bildirilir:

​"Sözügedən limitin aşılması səbəbindən, UEFA tərəfindən keçmiş dövrdə başladılan araşdırmanın nəticəsi olaraq, 30 iyun 2026-cı il tarixi etibarilə klubumuza 7 milyon avro məbləğində maliyyə intizamı cəzası tətbiq edilmişdir."

​Məlumata görə, UEFA "Fənərbağça"nın 2025-ci təqvim ili üçün heyət xərclərinin ümumi gəlirlərə olan nisbətini 70%-dən yuxarı elan etdiyini müəyyən edib. Klub bu göstərici ilə heyət xərcləri qaydasını pozduğu üçün 7 milyon avroluq cəza ilə üzləşib.

​Maliyyə intizamı cəzası alan "Fənərbağça" rəhbərliyinin UEFA-nın bu qərarından sonra büdcə balansını qorumaq və gələcəkdə daha ağır sanksiyalarla (məsələn, transfer qadağası və ya avrokuboklardan kənarlaşdırılma) üzləşməmək üçün heyət xərclərini ixtisar edəcəyi gözlənilir.