Şahmat üzrə Onlayn Millətlər Kubokunun püşkatma mərasimi keçirilib.
Offsideplus.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, onlayn turnirin ilk turunda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun yer aldığı dünya yığması birinci mərhələdə Çin komandası ilə qarşılaşacaq.
FIDE prezidenti Arkadi Dvorkoviçin kapitan olduğu komandada Rəcəbovla yanaşı, iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk da yer alıb. Ehtiyat heyətə isə perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakasova daxil edilib.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçiriləcək və 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da super finalda üz-üzə gələcək.