Azərbaycan əsilli rusiyalı futbolçu Azər Əliyev Rusiyada klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu "Ufa" ilə anlaşıb. O, Rusiya Premyer Liqası təmsilçisinə pulsuz başa gəlib və 1 illik müqavilə bağlayıb. Bu barədə "Ufa"nın rəsmi saytı məlumat yayıb. 

Əliyev daha öncə də - 2018-in avqustundan 2021-in fevralına qədər Ufa təmsilçisinin uğurları üçün tər töküb. 2020-21 mövsümünün ikinci yarısını Rusiya Premyer Liqası ilə vidalaşan "Tambov"da keçirib ki, 24 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, əslən azərbaycanlı olan Azər 1994-cü ildə Gürcüstanın Dmanisi rayonunun Bəzəkli kəndində anadan olub, uşaq yaşlarında ailəsi ilə birgə Krasnoyarska köçüb.