Rusiya Premyer Liqasında mübarizə aparan "Tambov"da vəziyyət ürəkaçan deyil.

Maliyyə sıxıntısı ilə üzləşən klub işçilərin, məşqçi və futbolçuların maaşını verməkdə çətinlik çəkir. Bu azmış kimi rəhbərlik futbolçulara peşəkar futbolda analoqu olmayan təklifdə bulunub.

Offsideplus.az xəbər verir ki, "Tambov" təlim-məşq toplanışını yanvarın 15-dən etibarən Krımda keçmək qərarına gəlib. Məskunlaşma və qidalanma xərclərini klub qarşılayacaq. Öz evlərindən Krıma olan yol xərcini isə komanda üzvlərinin özləri qarşılamalıdır. Vəziyyətin bu dərəcədə faciəvi olması futbolçuların ürəyincə deyil. Artıq onlardan bir neçəsi toplanışa qatılmayacağını deyərək rəhbərlikdən azad agent statusu istəyib.

Onları narazı salan ciblərindən çıxacaq yolpulu deyil, klubun üzləşdiyi durumdur. Futbolçular hesab edir ki, bu cür klubda oynamaqdansa, ayrılmaq yaxşıdır.

Qeyd edək ki, "Tambov" 19 turdan sonra topladığı 13 xalla sonuncu pillədə qərarlaşıb.