Bu gün sosial şəbəkələrsiz həyatımızı təsəvvür etmək mümkün deyil.
Müasir dövrdə hər kəs mobil telefonlardan, planşetlərdən istifadə edir. Müxtəlif platformalardan həm maarifləndirici, həm də zərərli məlumatlar əldə edirik. Məsələn, bu gün sosial şəbəkələrə nəzər saldıqda, qanunsuz mərc və şans oyunları ilə bağlı müxtəlif səhifələrə rast gəlirik. Bunların arasında xüsusi ilə "10lineloto" fərqlənir. Adı çəkilən qanunsuz mərc və şans oyununun “Teleqram” və “Instagram” səhifəsi çox fəaldır. Burada ölkə vətəndaşlarına ziyan verən cəlbedici videolar və informasiyalar paylaşırlar. İnsanları aldatmaq üçün müxtəlif reklamlar çəkirlər. Hətta məşhur simalar bilərəkdən və ya bilməyərəkdən bu "10lineloto"nu reklam edirlər. Məşhur idmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenselər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, müğənnilər Damla, Elgün Hüseynov, Qumral və digərləri bu qanunsuz oyunu təbliğ edirlər. Adı çəkilən şəxslərin kifayət qədər kütləsi var. Onların belə qanunsuz oyunları təbliğ etməsi doğru deyil.
Niyə də düz olsun? Adamlar öz sosial şəbəkə hesablarında övladlarımıza, gənclərimizə cinayətkarlığı aşılayırlar. Pis əməlləri təbliğ edirlər. "10linelotto"nun səhifəsində bu günlərdə paylaşılan adi bir reklama nəzər yetirək. Müxtəlif driftlər edərək yol hərəkəti qaydalarını pozan bir maşından əlisilahlı insanlar düşür. Hətta onlardan biri gizli kameraya atəş açır. Sonda onlara pul borcu olan şəxsi tapırlar. Həmin adam da guya bunları inandırır ki, "10lineloto" oynayaraq rahat pul qazana bilərsiniz. Adamlar axırda birgə bu qanunsuz mərc və şans oyununu oynayaraq xoşbəxt və firavan yaşayırlar. Belə reklam olar? Bu video nəyi təbliğ edir? Yəni, istənilən adamı aldadıb, onların pullarını xərcləyib, daha sonra "10lineloto" oynayaraq pulu qaytara bilərsiniz? Belə mənasız şeyləri təbliğ edən sosial şəbəkə hesabları dərhal bağlanmalıdır. Bu tip qanunsuz mərc oyunları gəncliyimizi məhvə sürükləyir.
Düzdür, Azərbaycanda müxtəlif tənzimləyici qurumlar "10lineloto"nun internet səhifəsini bloklayır. Lakin qanunsuz mərc oyunlarını təbliğ edənlər dayanmaq bilmirlər. Onlar qısa müddət ərzində başqa ad və ya domenlə fəaliyyətlərini bərpa edirlər. Amma Azərbaycan qanunlarına hörmət etmək və belə cəlbedici təkliflər edən qanunsuz mərc şirkətlərindən uzaq durmaq lazımdır. "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz mərc və şans oyunları vətəndaşlarımızı, gənclərimizi aldadırlar. Onlardan uzaq durmaq bizim mənəvi borcumuzdur. Bu kimi qanunsuz mərc və şans oyunlarının vədlərinə aldanmayın ki, sonra peşman olmayasınız.