Sosial şəbəkələrdə anonim akkountlarla kimisə təhqir etmək, söymək, hədələmək bir nö dəbə çevrilib. Aparıcı qüvvələr bununla mübarizə aparsalar da, hələ ki, həll yolu tapılmayıb.

Offsideplus.az xəbər verir ki, yaranmış vəziyyət "Liverpul"un baş məşqçisi Yurgen Kloppu narahat edir. Təcrübəli mütəxəssis ESPN-ə açıqlamasında məsələ ilə bağlı bunları deyib: "Sosial şəbəkələrdəki problem hələ də həllini tapmayıb. İnsanlar hansısa adın altında gizlənib, çəkinmədən istədiklərini yaza bilirlər. Belə başa düşürəm ki, bu problemi yaşadığımız planetdə tezliklə həll edə biləcək insanlar tapılmır. Mən sosial şəbəkələrdə yoxam. Karyeramboyu daim müzakirələrə səbəb olmuşam.

Sizə məsləhətim budur ki, tanımadığınız insanların nə dediklərini fikir verməyin. Onlar sizə kömək etmək istəmirlər. Futbolçularıma da bunu məsləhət görmüşəm. İnternetdə lazımlı məlumatlar var, amma elə yerlər var ki, ora daxil olmamaq gərəkir".

Qeyd edək ki, bir neçə gün öncə "Liverpul"lu Cordan Henderson da bu məsələ ilə bağlı "tvitter" hesabında paylaşım etmişdi.