"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"in əfsanəsi Ser Aleks Ferqyusonla görüşündən danışıb.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis həmkarı barədə xoş sözlər söyləyib:
"O, tanış olduğum ilk britaniyalı mütəxəssisdir. Birlikdə səhər yeməyi yedik. Özünün bunu nə dərəcədə xatırlayacağını bilmirəm, amma mənim yadımdadır. Ferqyusonla tanışlıq Roma Papası ilə görüşə bərabərdir. "Liverpul"un baş məşqçisi olaraq bunu bəlkə də deməməliyəm. Amma ona heyranam".
Qeyd edək ki, "Liverpul" Yurgen Kloppun başçılığı altında 30 ildən sonra çempionluq sevinci yaşayıb. Klopp çempion olduqları gün gecə saat 3:30-da Ferqyusona zəng edib sevincini bölüşüb. Bu barədə Ferqyuson öz twitter hesabında paylaşım edib.