Londonun “Çelsi” klubunda baş məşqçi Liam Rozenyorun gələcəyi böyük sual altındadır. Arıcıl dörd məğlubiyyətdən sonra gənc mütəxəssis üzərindəki təzyiq pik həddə çatıb.
Offsideplus.az xəbər verir ki, “Zadəganlar” üçün son həftələr kabus kimi keçir. Komandanın həm Avropa səhnəsində, həm də daxili çempionatda aldığı ardıcıl zərbələr azarkeşlərin və rəhbərliyin səbrini daşırıb.
Rozenyorun rəhbərliyi altında “Çelsi”nin Çempionlar Liqasından vaxtından əvvəl kənarlaşması klub üçün həm nüfuz, həm də maliyyə baxımından böyük itki hesab olunur. Bunun ardınca İngiltərə Premyer Liqasında ard-arda xal itkiləri komandanın turnir cədvəlində 6-cı pilləyə qədər geriləməsinə səbəb olub. Çempionluq yarışından tamamilə qopan London təmsilçisi üçün artıq ilk dördlükdə qalmaq da çətinləşib.
Mövsümü tamamilə uğursuz adlandırmamaq üçün Rozenyorun əlində cəmi bir şans qalıb. Bu il üçün yeganə real titul ümidi İngiltərə Federasiya Kubokudur (FA Cup).
"Liam Rozenyor üçün artıq geri çəkilməyə yer yoxdur. Federasiya Kuboku onun klubdakı taleyini müəyyən edəcək son sınaq ola bilər."
Əgər “Çelsi” bu turnirdə də uğursuzluqla üzləşərsə, rəhbərliyin baş məşqçi ilə yolları ayıracağı gözlənilir. “Arsenal” və “Liverpul” kimi rəqiblərin yüksəlişdə olduğu bir dövrdə, Rozenyorun bu təzyiqin öhdəsindən gəlib-gəlməyəcəyi futbol ictimaiyyəti üçün maraq doğurur.


