“Bilirdik ki, çətin olacaq”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Karvan-Yevlax”ın kapitanı Elvin Yunuszadə deyib. 33 yaşlı müdafiəçi Misli Premyer Liqasının XIII turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Qarabağ” kimi bir komanda ilə səfərdə oynamaq asan deyil. Buna baxmayaraq, belə matçlar bizim komanda olaraq inkişafımız üçün mütləqdir. Fikrimcə, pis oynamadıq. 80 dəqiqə qol buraxmadan oyunu apara bildik. Ancaq sonda ustalıq səviyyəsi öz sözünü dedi. Buraxdığımız səhvlər üzərində işləyib növbəti qarşılaşmalarda daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Futbolçu komandadakı baş məşqçi dəyişikliyindən də danışıb:

“İndiyə kimi bəzi şeylər tam olaraq futbola fokuslanmağımıza çətinlik yaradırdı. Ancaq məşqçi dəyişikliyindən sonra vəziyyət dəyişdi. Doğrudan da Füzuli müəllim çox həvəsli və prinsipial məşqçidir. Bizi çox yorur. Üç-dörd gündür ki, onunla məşq keçirik, ancaq müsbətə doğru olan dəyişiklikləri hamımız hiss edirik. Ötən oyunlarımızı “Qarabağ”a qarşı keçirdiyimiz oyunlarla müqayisə etsəniz, fərqi aydın şəkildə görə bilərsiniz. Düşünürəm ki, irəlidə daha fərqli komanda, daha fərqli nəticələr görəcəksiniz. Buna çox inanırıq.

Bizim çox gözəl kollektivimiz var. İndiyə kimi çox komandalarda oynamışam, amma “Karvan-Yevlax” nadir kollektivlərdəndir ki, bu qədər xoşuma gəlir. Hazırda komandada atmosfer də yaxşıdır. Düzdür, bir qədər çətinliklərimiz oldu, ancaq onları geridə qoyub yalnız irəli baxmaq lazımdır. Komandanı tənqid edənləri də başa düşürəm. Sadəcə bəzi şeyləri yalnız içəridə olanda bilmək olur. İstənilən halda çalışırıq ki, motivasiyamızı salmayaq. Düşünürəm ki, bundan sonra tənqidlər də az olacaq. Tamamilə fərqli komanda görəcəksiniz”.

Qeyd edək ki, 5 xalı olan Yevlax təmsilçisi turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.