"Dünya çempionatı haqqında düşünəndə ağlıma ilk olaraq boyalar gəlir. Balaca boya qabları: mavi, yaşıl, sarı... – xəyal edə biləcəyiniz ən parlaq rənglər.

 

Çölə çıxırsan, şəhərin küçələrini boyayırsan – Braziliyada bu ənənə hər dörd ildən bir, turnir başlamamışdan öncə təkrarlanır. Görəsən, kimin divar rəsmləri və ya boyadığı səki ən gözəldir? Sanki yarışırdıq. 1982-ci ildə ölkədəki hər uşaq kimi, mən də küçədə idim. Qonşu uşaqlarla məhəlləmizi boyayırdıq. Bütün şəhər sakinləri ritualı yerinə yetirirdi. Rəsmləri hər yerdə görə bilərdiniz: quşlar, Braziliya bayrağı, yığma komanda oyunçuları... - hər cür rəng və dizayn.

 

Boya işləri bitdikdən sonra, bir yaşlı qonşumuz vardı – cənab Renato, oyunları izləmək üçün onun evinə yığışardıq. Balaca idim, mənə nəzərən çox böyük idi – bunun xaricində haqqında çox şey xatırlamıram. Hə, deyəsən, Hava Qüvvələrindən təqaüdə çıxmışdı, ya da ona bənzər bir şey. Hamımız üçün kartof qızartması və qazlı su alardı. İndi bu, o qədər də önəmli bir şey kimi görünmür. Ancaq o zaman bu tip qidalarla bəslənmək bizim üçün lüks bir şey idi. Buna bənzər balaca şeylər xatirələri daha da özəlləşdirir: kartof qızartması, sular, dostlarınla TV-nin önündə oturub futbola baxmaq və bir gün professional futbolçu ola biləcəyinin xəyalını qurmaq.

 

Bento Ribeyruda – Rio-de-Janeyronun şimalında böyümüşəm. Orta sinifin nisbətən aşağı təbəqəsinin yaşadığı bölgə idi. Nə xarabalıq idi, nə də TV-də gördüyünüz üst-üstə evlərə rast gələ bilərdiniz: adi evlər. Və elə bir gün olmazdı ki, futbol haqqında düşünməyək.

 

Düzü, 5 yaşım olanda artıq həyatımı futbolun ətrafında görürdüm. Necə izah edəcəyimi bilmirəm, amma idmana bağlı idim – bunu içimdə hiss edirdim. Cavan yaşlarda “Futbolçu olmaq istəyirəm” demək çox asandır. Ancaq uşaq yaşlarda bunun həqiqətdə nə anlama gəldiyini başa düşə bilmirsən. Reallıq balaca olarkən qavraya biləcəyin bir şey deyil. Beş yaşım olanda fırçamı boya dolu qaba batıranda, doğrudan da, bunun nə demək olduğunu anlamırdım. Mavi boya biləyimə, qoluma damlayanda futbolun məni haralara aparacağını bilmirdim. Sadəcə, həmişəki kimi, dostlarımla küçədə idik. Zikunun portreti bizə baxırdı.

 

Hadisələrin sürətlə cərəyan edəcəyini, xəyalların tez bir zamanda həyata keçəcəyini bilmirdim.

 

Qəsəbəmizdə futbol oynaması ilə nam salan balaca uşaqlardan sadəcə biri idim. Futbol oynamaq dedikdə sözün həqiqi mənasında bütün gün oynamaqdan bəhs edirəm. Bəzən o günləri yada salanda düşünürəm ki, bəlkə də, bu, məni Braziliyada futbolçu olmaq istəyən uşaqlardan fərqləndirirdi. Mən təkcə ən böyük olmağın xəyalını qurmurdum, həm də ona həqiqətən inanırdım. Öz-özümə deyirdim ki, gəlmiş-keçmiş ən yaxşılardan biri ola bilərəm...

Bütün bunlar barədə düşünəndə gülümsəyirdim, çünki bu fikirlərin hardan, necə yaranması haqda heç bir fikrim yox idi.

 

Həyat... Topa ilk dəfə toxunduğum andan başlayan həyat...

 

Düzünü desəm, atamla birlikdə “Marakana”da izlədiyim ilk “Flamenqu” matçını belə xatırlamıram. Qəribədir, amma futbola qarşı olan hisslərimlə müqayisə edəcəyim tək şey yeriməkdir. Hə, yeriməyə bənzəyirdi. Elə anlar olur ki, yeriməyi bacarmırsan. Ancaq həyatın anlamını yerimədən anlaya bilməzsən. Mən də futbolsuz həyatımı təsəvvür edə bilmərəm. 

 

Hətta ilk ləqəbimi də xatırlamaqda çətinlik çəkdiyim günlərdə almışdım. Böyük qardaşlarıma qol vuranda, qışqırardılar: “Dadaduuuuuuu!”

Balaca olarkən adımı tələffüz etməkdə çətinlik çəkirdim. Odur ki, “Dadadu” deyərdim.

 

Qardaşlarım evdə olanda belə, küçədə topla oynayardım: sol ayaq, sağ ayaq, sol ayaq. Bağçamızda oynamağı sevirdim. Evimiz elə də böyük deyildi. Çox vaxt divanda yatardım. İşin yaxşı tərəfi həyətimiz var idi. Və bu, mənim əsl ehtiyacım olan şey idi: futbol oynamaq üçün ərazi. Evimiz meyvə ağacları ilə əhatələnmişdi: quava, manqo, jabotikaba ağacları... Qardaşlarım olmayanda ağacların arasında dribblinq edirdim. Orda olanda öz-özümə düşünərdim: mən tarixin ən böyük futbolçularından biri olacam.

 

Professional futbolçu olmaq üçün hər imkanı dəyərləndirməyə hazır idim. Düşüncə beynimi işğal edirdi. Valideynlərim bütün diqqətimi dərslərimə yönəltməyimi istəyirdilər. Mən isə başqa bir şey haqda düşünə bilmirdim. Futzal oynamağa başladıqdan sonra hər şey qaydasına düşdü. Təbii, bəxtim də gətirdi. Ancaq baş verənlərin əsas izahı fədakarlığım idi. Növbəti il “Sau Kriştavu” klubu ilə məşqlərə başladım. 13 yaşım var idi, ancaq klublar artıq məni gözardı etməyə başlamışdılar. Sonda “Kruzeyru”da oynamaq üçün Belu-Orizontiyə yollandım. 15 yaşım olanda milli komanda ilə birgə məşq etmək üçün dəvət aldım. 16 yaşım olanda isə “Kruzeyru” forması ilə professional debütümü elədim. Növbəti il – 1994-də isə Braziliya millisi ilə dünya çempionatına yollandım. Dediyim kimi, hər şey bir göz qırpımında baş verdi.

 

Başından bəri bütün bunların həyata keçməsini nə qədər çox arzulasam da, yaşadığım hər an mənə sürpriz kimi gəlirdi. Professionallığa keçidin necə olacağı barədə heç bir təsəvvürüm yox idi. Nə plan var idi, nə də yol göstərən, rəhbər olacaq kitabça. Bəzən məktəbdə, bağçada futbol oynayan uşağın Bebetu ilə məşqə çıxmasının bir andaca baş verdiyini düşünürdüm.

 

Sonra dünya çempionatı başladı. 1994-cü il dünya çempionatını necə təsvir edə bilərəm ki? O komandanı necə sözlə izah edim?

 

Belə deyim, Harvard Amerikada çox önəmlidir, hə? O komanda ilə dünya çempionatında oynamaq da futbolun “Sarmaşıq Liqası”nda (ABŞ-ın şimal-şərqində yerləşən və yüksək səviyyəli təhsil verən 8 universitetin toplamı belə adlanır) olmaq kimi bir şey idi. Bu, ən üst səviyyə təhsil idi – sadəcə futbol oynamağı yox, necə futbolçu olmağı, necə dünya çempionu olmağı öyrədən.

 

Mundialda bir dəqiqə belə olsun meydana çıxmadım. Ancaq əvəzində bacardığım qədər izlədim, gördüm, götürdüm. Qeydlər aparırdım, bütün məlumatları toplayırdım, çünki bir gün bu səviyyəyə yenidən qayıdacağımı bilirdim.

 

Həmin yay həm həyatım, həm də karyeramın gedişatı dəyişdi.

 

İlk dəfə Romariuyla qarşılaşmışdım. 1994-cü ilin yayı həm də bu baxımdan əlamətdar idi. Onu izləyərək böyümüşdüm. Romario və Zikoya tamaşa edəndə öz-özümə düşünərdim: “Meydanda və meydandan kənar... - bax, əsl oyunçu belə olmalıdır”.

 

Həmin yay Romario komandanın düşərgəsindəki gənclərə qarşı çox diqqətcil idi – xüsusilə də, mənimlə münasibətdə. Bəlkə də, hər ikimiz hücumçu olduğumuz üçün, ya da eyni qətiyyət və fədakarlığı məndə də görmüşdü, bilmirəm. Çox olurdu ki, məşqdən sonra söhbət edirdik. Qəribədir, amma mənə elə gəlir ki, onun idmana yanaşması mənimki ilə üst-üstə düşürdü. Məncə, o da idmanı təkamül kimi görürdü, yəni növbəti mərhələyə keçmək üçün bir neçə addım atmalısan, addımlar, addımlar, növbəti mərhələ, belə-belə, ta ki ən yaxşı olana qədər.

 

Mənə demişdi ki, növbəti mərhələ Avropadır. Romariu PSV-də oynamış, daha sonra isə “Barcelona”nın sıralarına qoşulmuşdu. Mənimlə PSV-yə keçidim haqda danışardı. Gülməli səslənə bilər, ancaq haqqında danışdığımız şeylərdən biri də hava idi. Görəsən, Braziliyadan sonra Hollandiyadakı qarla örtülü meydanlarda oynamaq nəyə bənzəyirdi?

Ən böyük dəyişiklik rəqabət olacaqdı. Mənə La Liqanın qalibi olmaqdan, Çempionlar Liqasının finalında oynamaqdan bəhs edərdi. Sonra mən də anladım: əgər ən yaxşı olmaq istəyirəmsə, onun addımlarını izləməliydim. Beləliklə, PSV ilə anlaşdım.

Corc Vea, Marko van Basten, Paolo Maldini – uşaq olarkən onlara heyran idim. Və artıq mən də Avropanın yolunu tutmuşdum. Mən də artıq futbolçular arasında seçilməli idim. Beləliklə, daha da cəsur addımlar atmağa başladım: özüm üçün hədəflər qoydum və onlara nail olmaq üçün yola çıxdım. İnsanların mənim nə etmək istədiyimi bildiyimdən əmin olmalarını istəyirdim.

PSV-yə keçəndə demişdim ki, ilk mövsümdə 30 qol vuracam. Dediyim kimi də oldu: 30 qol vurdum. Sonra dünyanın ən yaxşısı olacağıma dair hədəf qoydum. “Barcelona”ya transferim reallaşdı və ardınca “Qızıl top” mükafatını qazandım.

 

Həmişə özümdən əmin olmuşam. Ancaq mükafatlarımı, vurduğum qolları anons etmək? Böyüyərkən izlədiyim digər oyunçuların etdiklərini təkrarlayırdım. Lovğalıq, şoumenlik... – bəlkə illərimi aldı, ancaq sonunda bu adamın mən olmadığını anladım. Özümdən razılıq edəndə şəxsiyyətimdən uzaqlaşırdım. Mən də sadəcə oyunumla sözümü deməyə başladım.

Təbii, qətiyyətimdə bir dəyişiklik olmamışdı. Hələ də özümə meydan oxuyurdum, yeni hədəflər müəyyənləşdirirdim, ancaq bütün bunlar məndə gizli idi. Ən yaxşı olmaq üçün manşetlərə ehtiyac yox idi. Ən yaxşı olmaq - idmanla bunun üçün məşğul olurdum. Daim öz üzərimdə çalışmaq, daim limitlərimi müəyyənləşdirmək və həmin limitləri aşmaq... Məqsədim sərhədləri sınaqdan keçirmək idi.

 

Təcrübə etmədiyim yeganə şey dünya çempionatında meydana çıxmaq idi. Bir gün bunun onsuz da reallaşacağından əmin idim. Hələ zamanım çox idi.

 

DÇ-1998-də 21 yaşım var idi. Futbol mənim üçün sadəcə əyləncədən ibarət idi. Fransa ilə finala gedən yolda 4 qol vurmuşdum. Final günü isə izah etməkdə çətinlik çəkdiyim şeylər baş verdi. Çox xəstə idim, yatağa məhkum olmuşdum. Çox şeyi xatırlamıram. Sonra həkimlər bir neçə dəfə məni yoxladıqdan sonra oynamağıma icazə verdilər və mən də meydana çıxdım. Təbii ki, oyunum alınmadı və biz 0:3 hesabıyla məğlub olduq.

Məhv olmuşduq, amma hələ də gənc idim və daha bir neçə dünya çempionatında oynayacağımı düşünürdüm. İrəlidə hələ çox imkanlar olacaqdı.

 

Əlbəttə, həyatda hər şey düşündüyünüz kimi olmur. Növbəti il dizimdən ağır zədələndim. Bəzi insanlar bir daha futbol oynaya bilməyəcəyimi deyirdilər. Bunları eşitmək çox üzücü idi. Hətta bəziləri bir daha yeriməyimə belə tərəddüdlə yanaşırdılar. Bax, o zaman mənim limitlərim həqiqətən də sınaqdan keçirdi.

 

Səmimi olacam, futbolda bəzi şeylər var ki, həmişə məni narahat edib. Məsələn, səyahət etmək, gözləmək... Amma meydanın daxilində olanlar - futbol oynamaq? Bax, bunu çox sevirdim. Bu duyğular heç vaxt əksilmədi. PSV, “Barcelona”, “İnter” – harda olmağım fərq etməz, meydanda ikən eynən uşaqlıqdakı kimi özümü xoşbəxt hiss edirdim.

 

Mənim üçün həyat meydandan başlayır və elə orda da bitirdi. Normal olaraq, dizimdən zədə alanda, sanki həyatımı əlimdən almışdılar.

 

Geri qayıtmağım üçün lazım olanı etdim: həkimlər və cərrahlarla görüşmək üçün ABŞ-a yollandım. Dünyanın müxtəlif yerlərində oldum. Reabilitasiya prosesi 3 il bu formada davam etdi. 2002-ci il Dünya çempionatının yaxınlaşdığının fərqində idim, amma məni motivasiya edən titullar və ya qollar deyildi. Təkcə o hiss barədə düşünürdüm – sadəcə meydanda, top ayağımda olarkən hiss etdiklərimi...

 

Ən pis zədəmdən 3 il, 1998-ci ildəki final məğlubiyyətindən isə 4 il sonra nəhayət ki, top ayağımda idi. Mən Cənubi Koreyada Braziliya millisi üçün meydanda idim.

Almaniya ilə final görüşündən öncə möhtəşəm bir şey baş verdi. Oyundan əvvəl paltardəyişmə otağında idik. Baş məşqçi Luis Felipe Skolari televizorda bizə nəsə göstərmək istəyirdi. Bir-birimizə baxırdıq, ancaq nə baş verdiyini anlamıdıq. Paltardəyişmə otağında televizor – bu, normal bir şey deyildi. Luis dilləndi: “Oturun. İzləməyinizi istədiyim bir şey var”.

Televizoru yandırdı və videonu başlatdı. Görüntülər Braziliya kanalı “Qlobu”dan idi. Yaponiyada olduğumuz gündən bəri ölkə xəbərlərini izləmək imkanımız olmamışdı. Yəni birinci dəfə idi ki, braziliyalıları görür və eşidirdik.

Bu görüntülər adi deyildi. Bizim hər birimizin doğulub-böyüdüyü yerlərdən reportaj hazırlamışdılar. Həmin yerlər sırasında Bentu-Ribeyru da var idi. Futbol oynayaraq böyüdüyüm küçələri göstərirdilər. Topu vurduğum divarları görürdüm.

Birdən uşaqları göstərdilər, rəngli divar rəsmlərinin önündə dayanmışdılar. Divarda bizim şəkillərimiz var idi. Uşaq vaxtı necə biz yığma komanda futbolçularının rəsmini çəkirdiksə, bu səfər eynisini onlar etmişdi. Meydana çıxmamışdan öncə gördüyümüz son şey bu idi.

İlk yarı 0-0 hesabı ilə yekunlaşmışdı, ancaq komandada heç bir narahatlıq yox idi. Sizə düzünü deyəcəm, aramızda heç bir söhbət olmadı, paltardəyişmə otağında hər hansısa bir strategiyanı da müzakirə eləmədik. Nə etməli olduğumuzun fərqində idik. Bizə lazım olan qolları vuracağımızı bilirdik, eyniylə qalib gələcəyimizi də... Sadəcə, özümüzdən əmin idik.

Bütün turnir boyunca belə hiss edirdik. Hər oyun bizim idi. Böyüklüyümüz haqda nəsə deməyə ehtiyac yox idi. Bunu onsuz da hiss edirdik. O komanda yəqin ki, birlikdə oynadığım ən yaxşı komanda idi.

 

Mənim üçün təzyiq çoxalanda hadisələrin gedişatı asanlaşır. Baş verənləri anlaya bilirdim. Məncə, hücumçunu yaxşı hücumçu edən məhz bu xüsusiyyətdi - emosiyalara nəzarət etməyi bacarmaq. Qol vurmaq isə orqazm kimi bir şeydi, bəlkə ondan da o tərəfə.

Almaniyanın qapısına iki qol vurduqdan sonra öz-özümə düşündüm: "Budur, hər şey ordadır". Dünya kuboku bizdən sadəcə bir neçə dəqiqə uzaqlıqda idi. Meydanda özümü heç vaxt belə hiss etməmişdim.

 

90-cı dəqiqədə əvəzləndim. Bu, Skolarinin mənim üçün etdiyi ən yaxşı şey idi, çünki kənardan hər şeyi görə bilirdim. O zaman etdiklərimizin daha yaxşı fərqinə vardım. Meydandan çıxarkən, bir daha futbola qayıda bilməyəcəyimi deyən insanları düşünürdüm. Bir də oynaya bilməyəcəyimi deyənlər, hətta yeriməyimə belə tərəddüdlə yanaşanlar var idi. Onları ağlımdan keçirirdim.

2002-ci il idi, mobil telefonlar yeni-yeni məşhurlaşırdı. Stadiona nəzər salanda bütün o kvadrata bənzər balaca şeyləri gördüm. Nə baş verdiyini anlamağım bir dəqiqəmi aldı. İnsanlar əllərində telefon, şəklimi çəkirdilər. İşıqlar yanıb sönürdü – diskotekadakı kimi. O vaxt üçün belə şeylər yeni idi.

Kənara gələndə isə milli komandanın mətbuat katibi Rodriqu Paivanı gördüm. Bərpa prosesimin hər anında bu adam mənimlə birlikdə olmuşdu. Tək edə bildiyim şey yerimək olanda mənimlə yanaşı astaca yerimişdi. Onu görəndə özümü itirdim, ağlamağa başladım. Emosiyalar... Daha öncə özümü heç belə hiss etməmişdim. O an sanki mənim üçün bir hədiyyə idi. 

Sonrası? Əlbəttə qələbəni qeyd etdik. Məncə, o gecə heç yatmamışdıq. Braziliyaya qayıdan təyyarəyə minənə kimi əylənmişdik. Təyyarədə oğlum – o zaman iki yaşı var idi – qucağımda oturmuşdu, mən isə gözlərimlə atamı süzürdüm. Həqiqətən də, bir-birimizə heç nə demədik. Əslində, bir şey deməyə ehtiyac da yox idi. Bir-birimizi anlayırdıq. Bizim aramızdakı münasibət belə idi. Hər ikimiz dünya çempionluğunun nə mənaya gəldiyini, bunun bizim ailəmiz və Braziliya üçün necə böyük anlamlar ifadə etdiyini bilirdi. Və təbii ki, Bentu-Ribeyru üçün də...

Təyyarə Braziliyanın müxtəlif şəhərlərində dayanırdı. Ölkədəki bütün insanları görmək, simalarındakı xoşbəxtliyi hiss etmək, divarlarda bizim şəkillərimiz... - həyatımın ən yaxşı günləri idi.

 

Dünya çempionatının qalibi olmağımıza baxmayaraq, növbəti addımları, növbəti hədəfləri gözdən keçirdirdim. Ancaq zədələrdən sonra hər şey daha da çətinləşdi. Hələ də düşünürəm, əgər düzgün formada məşq edə bilsəydim, əgər o diz zədələri olmasaydı, mən haralarada ola bilərdim.

 

Mənim üçün futbol həmişə nə qədər uzağa gedə biləcəyimi müəyyənləşdirən bir şey olub və məncə, bacardığım müddətcə bunun öhdəsindən layiqincə gəlmişəm. Daha bir diz zədəmi sağaltdıqdan sonra “Korintians”la anlaşdım. Ancaq digər sağlamlıq problemlərim təkcə oynamağıma yox, nəfəs almağıma, ayağa qalxmağıma və yeriməyimə maneə yaratmağa başladı. Bax, o zaman dayanmalı olduğumu anladım. Meydanda olmaq istədiyim futbolçu kimi deyiləmsə, eyni hissləri yaşamıramsa, o zaman meydanda olmağımın da mənası yoxdur.

2011-ci ildə qərar verməliydim. Futbolla sağollaşmalı olduğumu bilirdim. Ən azından meydandakı vaxtım artıq bitmişdi.

Futbol asılılıq yaradır, ona bağlanırsan. Oyunçular, fanatlar... – dediklərim hamıya aiddir. Bu səbəbdən futbol dünyada bu qədər adamı özünə cəlb edir. Karyeramı bitirdikdən sonra bu barədə çox düşünmüşəm. İdmanın mənə nə verdiyi haqda fikirləşmişəm.

Əmin olmaq istəyirdim ki, hazırda böyüyən uşaqlar – yaşadıqları məkan fərq etməz – futbolu mənim gördüyüm kimi görürlər. Ancaq şəhərlər dəyişir. Mən uşaq olarkən hər yerdə futbol meydançaları var idi. İndi isə onların yerində binalar və digər tikililər var. Artıq uşaqları küçələrdə futbol oynayarkən görmək olmur.

Mənim üçün futbol meydançası dünyadakı ən mükəmməl şeydir; stadion, çimərlik, ya da ətrafında meyvə ağacları olan otluq – harda olması fərq etməz. Uşaq olanda o meydançalara baxarkən gələcəyini görürsən.

 

Messi, Neymar, Kriştianu Ronaldo, İbrahimoviç kimi futbolçular ümumi futbola və onların oyununa təsirimdən, xatirələri və futbolçu olmaqla bağlı qurduqları xəyallarındakı rolumdan danışanda çox sevinirəm. Bir düşünün, Braziliyada, divarlara şəkillər çəkən və Ziku kimi olmağın xəyalını quran bir uşaq idim. Onlar isə Argentinada, Braziliyada, Portuqaliyada və İsveçdə mənim kimi olmağı xəyal edirdilər. Bu hiss bizi birləşdirir. Mənim üçün futbol budur.

Yazını necə bitirəcəyim haqda çox fikirləşmişəm. Hekayələr danışmaqda yaxşıyam, amma heç vaxt bitirmək istəmirəm. Bu sözlərlə nöqtə qoyacam: Mən xəyallarımı yaşamışam. Neçə insan həyatı haqda eynisini deyə bilər?"

Tərcümə: Rüfət Məcid