8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar xanım jurnalistlər - "Futbol+" qəzetindən Günay Vəliyeva, Sənəm Fərhədova, "Fanat.az"dan Röya Kərimli, "CBC Sport"dan Sənubər Nərimanqızı, Rəfiqə Əziz və "İctimai TV"dən Fəridə Abdullanın fikirlərini aldıq.

- İlk olaraq, qarşıdan gələn bayramınızı təbrik edirəm. Bu bayram sizin üçün çox şey kəsb edir,yəni mütləq hədiyyə alınmalıdı, yoxsa o qədər də önəmsəmirsiz?

Günay: "Öncə diqqətinizə görə təşəkkür edirəm. Qadın zəriflik və gözəllik simvoludur. Qadının həyatımızda rolu hər kəsə məlumdur. Hər bir qadın sevgi, diqqət və qayğını haqq edir. Bu, sadəcə, bir gün yox, hər gün olmalıdı. Mənim üçün belə günlər özəldi. İnsan özünü dəyərli hiss edir. Hədiyyə olmasa belə xoş sözlər, xatırlanmaq hissi xoşbəxt olmaq üçün kifayət edir".

4f5fbbdb 1fc8 4fd0 aea6 59438c274d5d

Günay Vəliyeva

Sənəm: "Təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram. Çox şey kəsb edir deyə bilmərəm. Lakin mənim üçün özəldir. Özəl günlərdə də kimdənsə hədiyyə gözləmirəm. Özüm özümə hədiyyə etməyi sevirəm. 8 Mart da belə günlərdən biridir. Özüm üçün qeyd etməyi də sevirəm".

Röya: "Əvvəla, təbrik və diqqətiniz üçün təşəkkür edirəm. Əslində elə də böyük əhəmiyyət kəsb etmir. Onsuz da sevdiyimiz insanlara könlümüzdən gələndə hədiyyə alıb verə bilərik. Bunun üçün hansısa bayramı gözləməyə ehtiyac yoxdur. Həm özüm hədiyyə verməyi çox sevirəm, həm də yaxınlarım. Ona görə də günün, bayramın, tarixin elə də fərqi yoxdur".

Sənubər: "Diqqətinizə görə minnətdaram. Mən də fürsətdən istifadə edib bütün xanımları “8 mart beynəlxalq qadınlar günü” münasibəti ilə təbrik edirəm. Üzünüz həmişə gülsün. Ətrafınızda sizə hər zaman dəyər verən insanlar olsun.
Hədiyyəyə qaldıqda isə maddi şeylər önəmli deyil, əsas diqqətdir".

Rəfiqə: "Təşəkkür edirəm. İstənilən qadın kimi mən də hədiyyəni çox sevirəm. Bu bayramın da çox qəşəng tarixi var. İşçi qadın olaraq təbii ki, diqqət görmək xoşdur".

Fəridə: "Diqqətinizə görə təşəkkür edirəm. Düşünürəm ki, bu xüsusi gün sadəcə qadınlara hədiyyə verilməsi günü deyil. Məsələ daha dərindi. Çox insan bunu dərk etmir, ya da görməməzlik edir. Bir çox xanımlar belə bunun fərqinə varmır. Bu gün qadınların hüquqları, əməyi heçə sayılmasın, ailədaxili qadına qarşı şiddət olmasın, təhsil hüququ əlindən alınmasın, işdə rəhbər şəxslər tərəfindən qısnamalara məruz qalmasın, valideynlər qız övladlarını erkən nigaha məcbur etməsin və sairə deyə var. Mən bir xanım olaraq çox ümid edirəm ki, nə vaxtsa biz "qadına şiddətə son!" deməyə məcbur qalmayacağıq, bunun üçün mübarizə aparmağa ehtiyacımız olmayacaq. Nə vaxtsa da biz 8 martı "Qadınlar günü" kimi qeyd etmərik. Yəni buna heç ehtiyac da qalmaz. Sadəcə bu gün tarixə qovuşar".

- İndiyədək bu bayramda aldığınız ən önəmli hədiyyə nə olub?

Günay: "Hər biri önəmlidi, dəyərlidi. Amma xüsusi yeri olan biri var. Bu, Emre Belözoğlunun imzaladığı "Fənərbağça" formasıdır".

Sənəm: "Adətən şablon hədiyyələr almışam".

3415c55c dad6 4ba4 b984 214ae043e622

Sənəm Fərhadova

Röya: "Hədiyyə barədə ayrıseçkilik etmirəm. Sevdiklərim, yaxınlarım tərəfindən aldığım hər bir hədiyyə mənim üçün özəldir. Ancaq hədiyyədə diqqət etdiyim ən vacib məqam ona əmək sərf etməkdir. Yəni sevdiyin insanlara hədiyyə elə ilk gözünə sataşan nəsə, və ya bahalı olduğuna seçilən bir şey olmamalıdır. Hədiyyəni hazırlarkən ona öz fikrindən, ürəyindən, əməyindən qatmalısan. Onda mənəvi dəyəri daha yüksək olur".

6d54d25f 00e8 4d7b a580 db6764d31527

Röya Kərimli

Sənubər: "Verilən hər bir hədiyyə mənim üçün dəyərlidir. Yuxarıda da qeyd etdiyim kimi, hədiyyənin önəmi yoxdur. Vaxtını sərf edib təbrik edirsə bu artıq xoşdur. Qadınlar diqqəti sevir. Diqqətiniz bizdə olsun yetər" ( gülür ).

Rəfiqə: "Mən əslində o vaxt istədiyim bir şeyi hədiyyə olaraq alanda daha xoşbəxt oluram. Bu barədə bəxtim gətirib. Xüsusən ailəm istədiyimi hədiyyə edir. Onlardan aldığım bütün hədiyyələr önəmlidir, dəyərlidir".

Fəridə: "Hər zaman ailə üzvlərim, yaxınlarım, həmkərlarım tərəfindən diqqət görmüşəm. Amma hələ o önəmli hədiyyəni almamışam".

- İşinizlə bağlı başınıza gələn ən maraqlı hadisəni danışa bilərsiz?

Günay: "Maraqlı hadisələr çox olub, istər stadionda, istər işdə. Amma bir hadisə var ki, heç zaman unuda bilmirəm. Bir dəfə bu sahədə yeni çalışanda bir mövzuda Ağasəlim Mircavadovdan açıqlama almalı idim. Əlaqə nömrəsini yığanda bir rəqəm səhv gedib, yalnış adama düşdüm. Təbii ki, bundan hələ ki, xəbərim yoxdu. Əlaqə saxladım, salamladım və ondan millimizin uğursuz çıxışı barədə fikir bildirməyini istədim. Şəxs çox sərt şəkildə qınaq atəşinə tutdu yığmamızı. Şübhələr yarandı məndə ki, görən Ağasəlim müəllimə nə olub? Mən hələ də, şəxsin Ağasəlim müəllim olduğunu düşünərək, mövzuya davam edirəm. Danışa-danışa nömrəni dəqiqləşdirmək üçün iş yoldaşıma yaxınlaşırdım. Elə bu an şəxs özü dedi ki, üzürlü sayın Ağasəlim Mircavadov olmasam da, Ağasəlim Əliyevəm. Ürəyimdəkiləri deməsəm rahat ola bilməzdim ( gülür). Sözlərimi De Byaziyə çatdırın. Bu hadisə tez-tez yadıma düşür və xeyli gülürəm".

Sənəm: "Demək olar ki, tez-tez başıma gəlir.Müsahibəyə başlamazdan əvvəl özümü təqdim edəndə yəqin ki, adımı səhv oxuyub "salam qardaş buyurun" cavabı ilə qarşılaşıram" ( gülür ).

Röya: "2012-ci ilin yayı, mətbuata yeni gəldiyim vaxtlardır. Bakı Olimpiya Stadionu hələ inşa edilmək üzrədir. Həmin dönəm inşaat işləri məlum olmayan səbəblərdən dayanmışdı. Mən isə reportaj hazırlamaq üçün getmişdim həmin əraziyə. Stadionun tikiləcəyi sahəni paslanmış dəmirlərlə hasarlamışdılar və giriş qapısında qıfıl vardı. Dəmir hasarın altından sürünərək girdim stadionun ərazisinə. İş həqiqətən dayanmışdı. Hətta 2-3 traktor vardı ki, torpağa batmışdılar. Elə foto çəkərək ətrafı dolaşırdım ki, uzaqdan bir it məni gördü və hürməyə başladı. Hətta mənə tərəfə qaçdı. Mən qaçıram, it isə arxamca gəlir. Axır gəlib çıxdım həmin traktorlardan birinin üstünə. Bir müddət orda qalası oldum. Axırda it məndən ümidi kəsib getdi. Mən də qaçıb dəmir hasar altından çıxdım. Ordan çıxanda üstüm başım toz-torpaq, ağ köynəyim isə pasa bulanmışdı. Biraz getdikdən sonra stadionun mühafizəçisi yaşlı dayı ilə rastlaşdım. Biraz da onunla atışdıqdan sonra əsəb, stress, qorxmuş və çirklənmiş üst-başla qayıtdım evə" ( gülür ).

Sənubər: “CBC Sport”da başımıza çox maraqlı hadisə gəlib. İdmançıların kaprizləri müğənnilərdən çoxdur ( gülür ). Amma bunu qeyd etməsəm olmaz: Qadın idmançılarla işləmək daha rahatdır, nəinki kişilərlə. Qadınlar nə istədiklərini və ya nəyi istəmədiklərini bilirlər. Kişi idmançılar arasında isə müsahibədən sonra “bunu efirə verməyin” deyənlər çox olur" ( gülür ).

6f3acaf6 f943 4e73 a766 301b5730cb84

Sənubər Nərimanqızı

Rəfiqə: "Mənim üçün ən maraqlı və unudulmaz hadisə ilk dəfə canlı efirə çıxanda olub. Amma bu haqda çox danışmışam. Yəqin artıq məni tanıyan hamı bilir. Son dövrlərdə ən xoş xatirələrim "Döyüş Klubu"nun çəkilişləri zamanı olur. Hər dəfə bir döyüş növünü sınayıram, özümü kəşf edirəm. Məsələn, bayram efiri üçün qadın güləşçilərimizin təlim-məşq toplanışında qonaq oldum. Onlarla bərabər triko geyinib fənd atmaq çox qəşəng hiss idi. Əslində qeyri-adi heç nə yoxdur. Sadəcə hiss etdiklərim mənim üçün unudulmazdır" ( gülür ).

Fəridə: "Gündəlik iş rejimimizdə, çəkilişlər zamanı televiziya "mətbəxində" çox kuryoz hadisələrlə qarşılaşmışıq. Müsahibə zamanı işığın üstümə aşmağı da olub, çəkilişə gedən zaman avtomobilin yolda qalmağı da olub. Amma hər vəziyyətdən pozitiv əhvalla vəziyyətdən çıxmağa çalışmışıq. Sonuncu ən yadımda qalan hadisələrdən biri
boks üzrə dünya çempionumuz Alfonso Domingezlə müsahibə zamanı mahnı oxumağımız olmuşdu. Çox pozitiv bir an idi" ( gülür ).

df5f97f0 1747 43e4 bc9a 6ff23cb63be8

Fəridə Abdulla

- Kişilərin çox olduğu sahədə işləyirsiniz, bu sahəni seçəndə ailədə və ya qohumlarda sizin fikrinizə qarşı çıxan oldu?

Günay: "Bu sahədə çalışmaq bir qadın üçün cəsarət tələb edir. Qadınlar da futbolu, idmanı sevə bilər. Bu fikir artıq insanlara yavaş-yavaş aşılansa da, qınaq baxışları və əks fikirlər hər zaman olur. O ki, qaldı ailəmə. Ailəm mənə hər zaman dəstəkdi, yanımdadı. Onların dəstəyi, güvəni olmasa bu qədər cəsarətli ola bilməzdim. Fikrini önəmsədiyim hər kəs dəstək oldu mənə".

Sənəm: "Xeyr. Ailəm heç vaxt seçimlərimə müdaxilə etməyib. Buna görə həmişə şanslı olduğumu düşünmüşəm. Qəzetdə dərc olunan ilk yazımı saxlayırlar.)) Qohumlarımıza gəlincə hər kəs öz ailəsində söz sahibi ola bilər. Buna görə də indiyədək onların heç bir reaksiyaları ilə qarşılaşmamışam".

Röya: " Heç vaxt. Ailəm həm iş barədə, həm həyatda verdiyim bütün qərarlara hörmətlə yanaşıb və dəstək olublar. Buna görə də onlara hər zaman minnətdaram".

Sənubər: "Xeyr. Ümumiyyətlə bu cümlə ilə razı deyiləm. “CBC Sport”da qadın aparıcıların sayı kişilərdən çoxdur. Söhbət idman sahəsindən gedirsə beynəlxalq arenalarda ölkəmizin bayrağını dalğalandıran qadın idmançılarımızın sayı da az deyil".

Rəfiqə: "Xeyr, elə bir problem yaşamamışam. Əksinə ailəm hər addımımda, aldığım qərarda mənim yanımda olurlar. Uğurlarıma məndən çox sevinirlər. Bu da mənə daha yaxşı olmağa güc verir. Həm mən bildiyim, sevdiyim işi görürəm. İdman mənim üçün tək iş deyil, sevgidir. Bu səbəbdən iş kimi də yanaşmıram. Həyatımın bir parçasıdır".

Fəridə: "Ailəm istəyimi hər zaman bilirdi. Elə idmana marağı da valideynlərim mənə aşılayıb- futbol, döyüş idman növləri, gimnastika və sairə. Olimpiya oyunlarını, dünya çempionatlarını hər zaman birlikdə izləmişik. Hətta jurnalist karyerama radiodan başlayanda da idmanla əlaqədar materialları mənə yönəldirdilər. Nəhayət İctimai Televiziya vasitəsilə bu məqsədimə çatdım. Özümü reallaşdırmaqda ailəm və həmkarlarım mənə çox dəstək olub".

- Yəqin ki, "Qadın futboldan anlamaz" şablonuyla çox rastlaşmısız.

Günay: "Bu sahədə işləməmişdən əvvəl stadionlara gedib matçları izləyirdim. Azarkeş kimi oyunlara gedəndə belə o qədər əks-cinsin içində sıxılırdım. O qınaq baxışlarını, lağlağı gözləri hiss edirdim. Düşünürlər ki, qadın stadiona futbolu sevdiyi, zövq aldığı üçün gedə bilməz, qadınlar futboldan anlamırlar, futbola, sadəcə, kişilər azarkeşlik edə bilər. Amma zamanla öyrəşdim, zamanla onlar da öyrəşdi. Axı futbol, sadəcə, kişilər üçün yaradılmayıb. Futbol hər kəsin izləyə biləcəyi, azarkeşlik edə biləcəyi bir idman növüdür.
Futbol bir sevgidi. Sevgiyə isə qadağa yoxdu".

Sənəm: "Bəli. Daha çox məktəbdə tez-tez qarşılaşırdım. Lakin universitetdə qrupumuzda 3 oğlan var idi deyə onların 2-si ilə ancaq mən futboldan danışırdıq. İndi də həmçinin oyunlar barəsində danışırıq".

Röya: "Əlbəttə. Xüsusilə də futbol hakimi olaraq çalışdığım dönəmlərdə. Ancaq belə insanlara fikir verməyə dəyməz. Ümumiyyətlə, insanlar başqalarının seçimlərinə, həyatına, işlərinə müdaxilə etməyib öz həyatlarına, işlərinə, problemlərinə daha çox köklənsələr daha xoşbəxt olarlar".

Sənubər: "Həə. Amma, bu o demək deyil ki, hər kişinin də futboldan başı çıxır" ( gülür).

Rəfiqə: "O qədər ( gülür )...
Xüsusən bizim kanalın ilk illərində qadınları futbolda qəbul edə bilmirdilər. Amma zamanla alışdılar. Üstəlik, mən futbola kanala gələndən sonra baxmamışam. 6 yaşımdan "Real" ( Madrid ) azarkeşiyəm. Məhəllədə futbol oynayaraq böyümüşəm.İzləyicilər sosial şəbəkələrdə bu barədə çox yazırdılar. Mesajlara tez-tez "get bozbaşını bişir" yazırdılar. Hələ də yazan var. Amma indi daha azdır. Mənim cavabım həmişə eynidir. Bozbaş da bişirə bilirəm, oyun da analiz edə bilirəm. Biri o birinə maneə deyil".

aaf1f096 a02a 49c1 8922 d5a3a853c30f

Rəfiqə Əziz

Fəridə: "Olub, rastlaşmışam. Amma bu klişe artıq çoxdan köhnəlib. Ölkəmizdə xanımlar futbol klubu da idarə edir, futbol da oynayır, kişi azarkeşlərlə birlikdə stadionda sevdiyi komandanı da dəstəkləməyə yollanır. Mən artıq ayrıseçlik sezmirəm. Bircə narazılığım xanım idman jurnalistlərinin ezamiyyətlərə çox az göndərilməsidir".

- Bu sahədə işləmək istəyən, lakin müəyyən çətinlik və təzyiqlərlə üzləşən qadınlara nə məsləhət görərdiniz?

Günay: "İstəklərindən, zövqlərindən üz döndərməsinlər. Biraz cəsarətli olmaq yetərlidi. Təzyiq, qınaq hər zaman olub, olacaq. Amma bunlar zamanla unudulur, eləcə də, öyrəşilir. Kimlərinsə düşüncələrini öz fikirlərindən dəyərli etməsinlər. Bu həyatı siz yaşayırsınız".

Sənəm: "Belə deyim kollektivdən dı çox şey asılıdır. İşlədiyim kollektiv yaşımdan daha artıq bu işin içərisindədirlər. İlk başladığım zaman çox səhvlərim olurdu. Öhdəsindən gələ bilməyəcəyimi düşünürdüm. Ancaq iş yoldaşlarım bu problemi həll etməkdə mənə çox kömək oldular. Həmçinin özüm də bacarmaq, daha artıq öyrənmək üçün çox çalışdım. Hələ də öyrənirəm. Demək istədiyim həqiqətən çox istəyirsinizsə bacaracaqsınız. Həyatda imkansızlar ola bilər. Lakin iş sahəsində mümkünləşdirə bilməyəcəyimiz bir şey yoxdu. Təzyiqlər varsa onları da arxanıza alıb daha güclü addımlayın bu yolda. Hobbiniz işinizə çevrildiyi zaman yorğunluqdan da zövq alırsınız..."

Röya: "Əslində bizim sahədə elə də çətinlik yoxdur. Dövr dəyişib artıq. İllər öncə hansısa çətinlik, təzyiq ol bilərdi ki, bu gün artıq belə şeylər qalmayıb".

Sənubər: "Bu sahədə işləmək olduqca maraqlıdır".

Rəfiqə: "Heç vaxt heç nəyə görə ruhdan düşməsinlər. İnsan aid olduğu yerdə xoşbəxt olur. Əgər onlarda idman sevgisi varsa, idman jurnalisti olmaq istəyirlərsə, o istəyi bərk-bərk qucaqlasınlar. Arzular mütləq reallaşır. Önəmli olan vaz keçməməkdir".

Fəridə: " Mən belə təziqlərlə üzləşmədiyimə görə mənə çətindir fikir bildirmək. Sadəcə deyə bilərəm ki, ən azından cəhd etsinlər. Uğursuzluqdan qorxmasınlar. Hər pis təcrübə onlara mütləq nələrsə qazandıracaq".

Cavid Əliyev