2026-cı ildə Azərbaycanda keçirilməsi planlaşdırılan “UFC Fight Night” turniri maliyyə məsələləri ilə əlaqədar baş tutmayacaq.

Offsideplus.az xəbər verir ki, mart ayında Bakıda təşkili nəzərdə tutulan turnir üçün 10 milyon dollar, üstəlik təşkilati xərclər tələb olunub.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən bildirilib ki, hazırda sözügedən məsələ gündəmdə deyil və tədbir keçiriləcəyi təqdirdə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu il Azərbaycan ilk dəfə “UFC Fight Night” turnirinə ev sahibliyi edib. İyun ayında baş tutan tədbir UFC, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunmuşdu.