“Qarabağ” üçün çempionluğu qazanmaq asan olmayacaq”.


Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının I turundan təxirə salınan “Sabah” -  "Qarabağ" matçı haqqında fikirlərini bölüşüb: “Dünənki oyun gözlənildiyi kimi gərgin keçdi. Məncə, “Sabah” layiqli qələbə qazandı. Düzdür, oyundan qabaq müxtəlif proqnozlar verilirdi. Çünki hər iki komanda turnir cədvəlində xal baxımından bir-birinə yaxın idi. Amma görünən odur ki, “Sabah”da durum daha yaxşı imiş. Komanda ardıcıl qələbələr qazandığı üçün ruh yüksəkliyi vardı, həmçinin evdə oynayırdılar. “Qarabağ”da isə həm psixoloji, həm fiziki baxımdan eniş hiss olunir. “Ayaks” məğlubiyyətindən sonra ardıcıl oyunlar keçirmək çətindir. Üstəlik, fasilə də yaxınlaşır. Amma bu heç də “Sabah”ın qazandığı qələbəyə kölgə sala bilməz. Məncə, bunu adi bir oyun kimi dəyərləndirmək lazımdır. Qarşıda hələ uzun marafon var. Bizi maraqlı oyunlar  gözləyir”.

Qeyd edək ki, ötən gün baş tutan oyun “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Sabah” 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. “Qarabağ” isə 33 xalla ikinci pillədə qərarlaşıb.