İnişilin noyabrında Çində başlayan və tezliklə bütün dünyanı cənginə alan ümumbəşəri bəla...
Koronavirus öncə epidemiya, sonradan tələfat sayı və miqyasına görə pandemiya adlandırıldı. "Görünməz düşmən"in uzaq Asiya elindən ölkəmizə "qədəm basması" elə də çox çəkmədi. Bir neçə həftə içində Azərbaycan da bu bəlaya mübtəla oldu. Dövlət isə addım-addım qapanmalara getmək məcburiyyətində qaldı. Bu qapanmalar ölkədə həyatın bütün sferasına mənfi təsir etdi. O cümlədən də, idmanımıza. Açıq hava, qapalı məkan fərqi olmadan bütün idman yarışları, məşqlər dayandırıldı. Futbolumuz da zərərçəkmişlər siyahısında idi. Ölkə çempionatı ilə yanaşı Birinci Divizion, Region Liqası və ümumiyyətlə bütün futbol turnirləri təxirə salındı. Akademiyalarda, məktəblərdə məşqlər dayandırıldı.
... Distant olmayan idman
Sərt karantin dövründəki təhsillə idmanı müqayisə etsək, bir fərqə varmış olacağıq. Pandemiya dövründə tədris distant formada, yəni internet üzərindən həyata keçirilirdi. Əyani təhsilin effektini verməsə də, müəllimlər öz şagird və tələbələri ilə daim təmasda olur, dərsləri axsatmırdılar. İdmanda, ələlxüsus uşaq futbolunda isə belə bir metod yox idi. Məşqçilər uzaqbaşı internet üzərindən xüsusi proqram vasitəsi ilə uşaqlara məşq üçün tapşırıqlar verirdi. O uşaqların isə verilən tapşırığı hansı səviyyədə icra etdiyini görmək olmurdu. Uşaq gözünün qarşısında ola ki, onun hansı potensiala sahib olduğunu, nəyi necə etdiyini görüb, analiz edib qiymətləndirəsən...
Vaxt ötdü, vədə yetişdi, təxminən ilyarımdan sonra yoluxma dinamikasının aşağı enməsi fonunda tədricən yumşalmalar oldu. Ki, burada sevindirici məqamlardan biri də ölkədə açıq hava və qapalı məkanlarda idman yarışlarının, məşqlərin keçirilməsinə icazə verilməsi oldu. Həyat nisbətən öz axarına düşdü. Ancaq axarında olmayan bəzi məqamlar da var. Həmin ilyarım ərzində neçə-neçə uşaq futbolu atdı, istedadlı oyunçular bu idman növündən uzaq düşdü...
Xülasə, uşaq futbol məktəblərində pandemiya dövründəki vəziyyətdən xəbər tutmaq üçün "Qarabağ"ın uşaq və gənclər futbolunun inkişafı proqramının rəhbəri, Ağdam təmsilçisinin U-11 yaş qrupu üzrə komandasının baş məşqçisi Elşad Xudadatovla həmsöhbət olduq.
- Pandemiyanın ən çox ziyan vurduğu yaş qrupu hansı oldu?
- Bizdə 9-dan 19-dək yaş qrupları, üstəgəl əvəzedici heyət var. Demək olar ki, bütün yaş qrupları zərər çəkdi. Məşqlər dayandırıldı. Ötən ilin avqustunda yenidən başladıq, lakin çox keçmədən məşqlərə məcburi fasilə verdik. Əvəzedicilər müəyyən qədər məşqlərini edə bildi, yaş qrupları isə tamamilə dayandırılmışdı.
- Pandemiyadan əvvəl və sonrakı vəziyyəti şərh edə bilərsiniz?
- Pandemiyadan əvvəl hər şey öz axarında idi. Uşaq futbolunda fundamental dinamik xətt deyilən bir şey var. Uşaq həftənin üç günü məşq edir, sonları isə futbol oynayırdı. Hər yaş qrupunun öz çempionatları olurdu. Bir sözlə, uşaq futbolçuların həm fundamenti qoyulur, həm də oyun praktikası artırılırdı. Yəni, uşaq bilirdi ki, məşqi nə üçün edir. Ancaq pandemiya başlayanda məşq və oyunlar dayandırıldı. Məktəblər də bağlandı, psixoloji cəhətdən uşaqlara böyük zərbə oldu. Çox böyük sıxıntılar oldu. Mən özüm bir məşqçi kimi evdə qalmağı heç xoşlamıram, çox sıxılıram. Vərdiş etmişik ki, səhər işə gedək, meydançalarda olaq, məşq prosesləri, oyunları izləyək və axşam da evə qayıdaq. Sərt karantin dövrünün yaratdığı psixoloji travmalar hələ də məndə yaşayır. Sindromlu nəvəm var, pandemiyaya görə evdə qaldığımız vaxtlarda bir musiqiyə qulaq asırdı. Bu gün həmin melodiyanı eşidəndə istər-istəməz həmin sıxıcı günlər yadıma düşür və vakuuma düşürəm. Yəni ki, pandemiya dövrü çox böyük sıxıntılar və stresslə keçdi. Ancaq indi aşağı yaş qruplarında tədricən hər şey öz axarına düşməyə başlayıb. Düzdür, virusa yoluxma sayı yenə də artıb, ancaq biz özümüzü, uşaqları qorumalı və məşqlərimizi davam etdirməliyik. Yeni mövsümün məşqlərinə avqust ayının 2-dən start vermişik. Bu günlərdə bizə AFFA-dan toplantı üçün məlumat gəldi. 15-17 yaş aralığında olan yeniyetmə futbolçular üçün toplantılar 5-10 sentyabr tarixində başlamalıdır. Bir qədər əvvəl bütün yaş qruplarının pandemiyadan zərər çəkdiyini bildirdim, ancaq xüsusən də 15 və yuxarı olan qruplarımızı qeyd etmək istərdim. Çünki bu yaş qruplarında oynayan uşaqlar milli komandaya da dəvət alırlar. Ümumiyyətlə, klublar nə üçündür? Milli komandanı hazırlıqlı, keyfiyyətli futbolçularla təmin etmək üçün.
- Pandemiya dövründə akademiyanı nə qədər uşaq tərk etdi?
- Əsasən böyük yaş qruplarında oynayan futbolçular sıralarımızı tərk etdi. Məsələn, U-19-dan. Elə futbolçu oldu ki, gördü artıq əvəzedici heyətə düşə bilmir, bu və digər səbəblərdən yollarını ayırmalı oldu. Klubdan onlara qalmaları üçün tövsiyələr də olundu. Bir məqamı da qeyd edim ki, əgər futbolçu 17 yaşında əsas komandaya düşə bilmirsə, bu artıq gecdir. 19 yaşında əsas heyətə düşməyə can atmaq mənə görə, başadüşülən deyil. Düzdür, "19"un Avropa çempionatı və digər yarışları olur. Ancaq bununla belə, düşünürəm ki, bir futbolçu artıq 17 yaşınadək A komandasında forma geyinməyə hazır olmalıdır. Həm də bilirsiniz ki, Azərbaycanda 18 yaşına çatan şəxslər hərbi xidmətə aparılır. Məsələn, Türkiyədə gözəl bir qayda var. Bir futbolçu 17-18 yaşlarında milli komandaya dəvət alırsa, ona profissional lisenziya verilir. Hansı ki, həmin futbolçu karyerasını sonlandıranadək, deyək ki, 35 yaşına kimi dövlətdən möhlət alır. Bizdə isə belə bir qayda yoxdur və yeniyetmələr əgər ali məktəblərə daxil ola bilmirlərsə, hərbi xidmətə aparılırlar.
- Həmin dövrdə keçirilən məşqlərin özəlliyi nədə idi?
- Pandemiya dövründə uşaqlarla internet üzərindən görüşlər təşkil edirdik. "Zoom" proqramı vasitəsi ilə onlara xüsusi tapşırıqlar verilirdi. Uşaqlar da "Evdə qal, evdə məşq et" devizi altında öz üzərlərində işləyirdilər.
Bəs bu problemləri aradan qaldırmaq üçün nə qədər vaxta ehtiyac var? Pandemiyanın fəsadları özünü nə vaxt büruzə verəcək?
Suallarımızı "Turan Tovuz" futbol akademiyasının rəhbəri Adil Şükürov cavablandırdı:
- Pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün nə qədər vaxt lazımdır?
- Ən azından itirilən vaxt qədər zaman lazımdır. Birinci növbədə, bir ildən çox məşqsiz qalan uşaqların yenidən fərdi, texniki bacarıqlarını bərpa etmələri üçün bir o qədər də vaxta ehtiyac var. Hər bir ixtisas vərdişlərdən asılıdır. Vərdişlər nə qədər çox təkrarlanarsa, insanı bir o qədər avtomatlaşdırır.
- 2020/2021-ci illərin fəsadlarını nə zaman görəcəyik?
- Bu gün görürük artıq. Uşaqların məşq prosesini izləyəndə hər şeyi aydın sezmək olur. Əvvəllər rahat şəkildə icra etdikləri tapşırıqları indi çətinliklə həyata keçirirlər. Bu problemlər açıq-aşkar görünür. Aralarında pandemiya dövründə akademiyanı tərk edən uşaqlar da oldu...
- Yeni qapanmalar olarsa, uşaq futbolunu hansı aqibət gözləyir?
- Bu, "davam edir 37" söhbəti kimidir(gülür). Ümid edək ki, yeni qapanmalar olmayacaq.
Daşqın Əziz
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.