“Neftçi” çempionluq həsrətinə son qoymaqla azarkeşlərin üzünü güldürdü. Lakin bu, heç də asan başa gəlmədi. Mövsümün böyük hissəsində turnir cədvəlində “Qarabağ”ın gerisində yer alan bakılılar, yekunda əzəli rəqibini qabaqlamağı bacardı.
Həm klub, həm komanda, həm də gələcəklə bağlı suallara cavab tapmaq üçün “Neftçi”nin prezidenti Kamran Quliyevlə danışmaq zərurəti yaranmışdı. Klub rəhbəri iş otağında Offsideplus.az-ın çempionluqla bağlı təbrikini qəbul edəndən sonra suallarımızı böyük məmnuniyyətlə cavablandırdı.
- Hər iki tərəfə xeyir verə biləcək əməkdaşlığı deyəndə nələr nəzərdə tutulur?
- Avropa klubları ilə çalışan tanıdığımız agent var. O bizə müraciət edib, Tokioda baş tutacaq olimpiadanı xatırlatdı və Keysuke Hondanın xidmətində maraqlı olub-olmadığımızı soruşdu. Götür-qoy etdik, görüşüb danışdıq və kluba çox yox, çox-çox sərfəli şərtlər əsasında əl sıxdıq. İndiki vəziyyətdə “Neftçi”də oynamaq Hondanın özü üçün də sərfəli idi. Bir var olimpiada öncəsi fərdi məşq etmək, biri də var Azərbaycanın üzdə olan, çempionluğa oynayan komansında çıxış etmək. İnanın ki, aramızda pul söhbəti də olmadı.
- Hər halda, pulsuz da oynamayıb...
- Təbii ki, maaş alıb, amma yazılan və deyilən rəqəmləri yox. Mən o rəqəmləri görüb gülürdüm. Mart ayında hansısa futbolçuya fantastik məbləğ verməyimiz istəsək belə, mümkün olan iş deyil. Çünki büdcə mövsümün əvvəlində təsdiqlənir və ilboyu ona uyğun addım atılır. Mövsümün sonuna yaxın hansısa futbolçuya milyon, yaxud ona yaxın məbləğ vermək şansımız yoxdur. Yenə deyirəm, Hondanın “Neftçi”də oynaması üçün böyük pullardan danışmağa dəyməz.
- “Neftçi”ylə müqavilə müddəti başa çatan futbolçular kimlərdir?
- Bu barədə klubun meneceri ilə danışmağınız yaxşıdır. Müqavilə müddəti başa çatan, uzadılan, uzadılmaq üzrə olan – bu kimi suallara ən dolğun cavabı Qədir Həsənovdan ala bilərsiniz.
- Klub prezidenti olaraq əlinizdə siyahı yoxdur?
- Bu gün-sabah olmalıdır. Bu məsələdə əsas söz sahibi baş məşqçidir. Samir Abasovun qərarından sonra siyahı mənə təqdim olunacaq.
- Anton Krivotsyukun adı “Visla” ilə yanaşı hallanır. İnanmağa dəyər?
- Antonun “Neftçi” ilə anlaşmasının müddəti başa çatır. Klubun yetirməsidir, dəyər verdiyimiz futbolçulardandır. Əlbəttə, komandamızda qalıb fayda verməsini istəyirik. Ona yeni müqavilə təklif etmişik. Lakin ölkə xaricindən də təkliflər alıb. Son qərarı özü verəcək. Elə kluba getməlidir ki, həmin klubun ad-sanı, səviyyəsi “Neftçi”dən üstün olsun.
- Antondan başqa “Neftçi”nin hansısa futbolçusuna ölkə xaricindən təklif var?
- Nə qədər istəsəz. Aparıcı futbolçularımızın demək olar hamısına Avropadan təkliflər var.
- Rəsmi?
- Rəsmi də olub. Üç futbolçumuza görə konkret təklif gəlib.
- Kimlərdir?
- Ad çəkə bilməyəcəm. Çünki bəziləri ilə danışıqlar davam edir deyə, ad çəkməyim etik cəhətdən doğru olmaz.
- Demək ki, “Neftçi”nin futbolçusu və ya futbolçuları legioner həyatı yaşaya bilər.
- Adlarına uyğun maliyyə şərti irəli sürən klub olsa, bəli. Hər futbolçunun öz qiyməti var.
- Adlarına uyğun maliyyə şərti dediniz. Maraqlıdır, sizin düşüncənizdə Mamadu Kanenin transfer qiyməti nə qədərdir?
- Futbolçunun qiyməti yaşına, səviyyəsinə, hansı millinin şərəfini qorumasına uyğun müəyyənləşir. Kane bu gün Qvineya yığmasında “Liverpul”lu Nabi Keyta ilə komanda yoldaşıdır. Sizi inandırım, braziliyalı olsaydı, hazırkı qiyməti milyonlarla ölçülərdi.
- Bəs hazırkı qiyməti?
- Bu dəqiqə onun qiyməti 1 milyon avrodan aşağı deyil. 1 milyon avro verən olsa, gəlib aparsın. Bu gün Kanenin dəyəri budur.
- Uzun fasilədən sonra “Neftçi” Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Hədəf nədir?
- Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik.
- Hansı turnirin qrupuna?
- Əlbəttə, “Neftçi”nin adına Çempionlar Liqasının qrup mərhələsi yaraşır. Lakin bəzən reallıqla arzular üst-üstə düşmür. ÇL-ə qatılan komandalar ölkələrinin ən güclüləridir. Buna baxmayaraq, heç kimdən çəkinmirik, sona qədər döyüşəcəyik. Ancaq sabah elə bir komanda ola bilər ki, güc fərqi özünü göstərər. Belədə Avroliqanın, yaxud Konfrans Liqasının qrupuna vəsiqə də məni, bizi sevindirəcək. Dediyim kimi, əsas hədəf ÇL-in qrupudur, alınmasa, digər iki turnirin qrupu da xoş olar. Həm xarici klubları Azərbaycana gətirmiş, həm klub və ölkə reytinqinə xal yazdırmış, həm də klubun büdcəsini zənginləşdirmiş olarıq.
- Növbəti mövsüm üçün büdcədə artım gözlənilir?
- Büdcə sabitdir. İş burasındadır ki, əvvəlki illərdə büdcədəki vəsaitin bir qismi borclara gedirdi. Artıq borcları tam bağlamışıq deyə, bu il əsas komandaya daha çox pul ayıra biləcəyik. Yəni cüzi də olsa, fərq edəcək. İndi bizi narahat edən məqam təkcə komandaya yeni cəlb olunacaq futbolçuların irəli sürəcəyi maliyyə şərtləri deyil. Bundan öncə klubla müqavilə müddəti başa çatmış futbolçuları razı salmalıyıq. Çempion olmuş futbolçulardır, tam təbii olaraq nisbətən artıq maaş istəyirlər.
- Bakıxanov qəsəbəsindəki bazanın inzibati binasının tikintisi ilə bağlı nə yenilik var?
- İnzibati binanın fasadının vurulması yaxın iki həftə ərzində bitəcək. Bircə daxili otaqların təmiri işi qalacaq. Bunun üçün maliyyə ayrılmalı, tender elan olunmalı və işə başlanılmalıdır.
- İnzibati bina ilin sonuna qədər hazır olacaq?
- İnanmıram. Yalandan deyim hazır olacaq, sabah iş uzansın, pis vəziyyətdə qalım. Ona görə də dəqiq söz deyə bilməyəcəm.
- “Neftçi”nin əməkdaşlıq etdiyi 10 sponsor şirkət var. Çempionluqdan sonra say artımı gözləniləndir?
- Klubun Marketinq Departamenti əlindən gələnin yaxşısını etməyə çalışır və edir. Dediyiniz kimi, çox sayda sponsor tərəfdaşımız var. Yəqin ki, növbəti mövsümlə bağlı da hansısa yeniliklər olacaq. Məncə, avrokuboklardakı uğurlu çıxış şirkətlərin fəallığına təsir edəcək.
HƏBİB