Vild-Donald Gerye “Apollon”da növbəti qolunu vurdu. Bu, “Olimpiakos”la qarşılaşmanın ilk hissəsində fərqlənən haitili futbolçunun Kiprdə meydana çıxdığı 3-cü görüşdə 2-ci qolu kimi yadda qaldı.

Vaxtilə “Qarabağ”la “Neftçi”nin şərəfini qorumuş, Azərbaycanda oynadığı müddətdə səviyyəli legionerlərdən biri kimi yadda qalmış Gerye ilə əlaqə saxlayıb, offsideplus.az-ın suallarını cavablandırmasını xahiş etdik.

- Yeni ölkədə, yeni komandada özünü necə hiss edirsən?

- Hər şey əladır. Əsas olan ailəmin özünü burda xoşbəxt hiss etməsidir ki, bu da məni sevindirir. İlk oyunumda “Enosis”ə qol vurmuşdum, ikinci matçımda “Anortosis”lə qarşılaşmada qırmızı vərəqə aldım və bu üzdən AEL və AEK-lə görüşləri kənardan izləməli oldum. “Olimpiakos”a qarşı “11-lik”də yer aldım və qol vurdum. Deməyim odur ki, futbolda belə hallar olur. Əsas odur işindən zövq alasan.

- Yəqin ki, yeni komandaya uyğunlaşmaqda “Neftçi”dən tanıdığın Baqali Dabonun da müəyyən rolu oldu.

- Açığı, mənim üçün yeni ölkə, yeni komanda anlayışı yoxdur. Bilirəm ki, hər şey özümdən asılıdır. Mühitə və insanlara tez alışan adamam. Həm də görün neçə ildir müxtəlif ölkələrdə top qovuram: Polşa, Türkiyə, Azərbaycan, indi də Kipr. Aparıb dünyanın o başına da qoysalar, problem yaşamayacağam. O ki qaldı Daboya, “Apollon”dan təklif alanda ilk əlaqə saxladığım şəxs olmuşdu. Mənə düşünmədən bura gəlməyi məsləhət görmüşdü. İndi di çox vaxt birlikdə oluruq.

- “Qarabağ”dakı futbolçularla danışırsan? Münasibətin necədir?

- Əlbəttə, danışıram. Zubir, Mahir, Ovusu, Şahruddin və digər bir neçə futbolçu ilə tez-tez mesajlaşırıq, hal-əhval tuturuq. “Qarabağ”ı tərk etməyim o demək deyil ki, keçmişimi də unutmalıyam. Mən o tip insanlardan deyiləm. İndiyə qədər “Visla”da, “Alanyaspor”da komanda yoldaşım olmuş futbolçularla danışıram.

- Azərbaycan çempionatını izləyirsən? Turnir cədvəlindəki durumdan xəbərin var?

- Məşq və ya oyunum yoxdursa, mütləq “Qarabağ”ın oyunlarına baxıram. Hətta oyuna baxa bilməyəndə belə, nəticələrlə maraqlanıram.

- Hər iki komandanın şərəfini qorumusan. Səncə, hansı komanda çempionluğu bayram edəcək: “Neftçi”, yoxsa “Qarabağ”?

- Bu suala dəqiq cavab vermək çox-çox çətindir. Çünki hər ikisinin yaxşı imkanı var. Favorit gözündə “Qarabağ”ı görürəm. Təcrübəli məşqçi və futbolçuları var, komanda olaraq çempionluğa öyrəşiblər. Digər tərəfdən “Neftçi”nin daxilindəki bugünkü ab-hava möhtəşəmdir. Yeni baş məşqçi ilə uğura doğru gedirlər və bu onlarda əlavə istək formalaşdırır. Amma çempionluq “Neftçi” üçün asan görünmür. Çünki rəqibləri kifayət qədər təcrübəlidir. Məncə, şanslar 70-in 30-a “Qarabağ”ın xeyrinədir. Hansı komandanın çempion olacağını özüm də səbrsizliklə gözləyirəm. “Qarabağ”la “Neftçi”yə çempionluq mübarizəsində uğurlar arzulayıram.

Qurban Qurbanov çox istəkli, ambisiyalı məşqçidir. Daim maksimumu istəyir. Bəzən məşqdə bacardığının ən yaxşısını edirsən, deyir, sən bundan da artığını bacararsan. Çünki özünə qarşı da o dərəcədə tələbkardır. İndi isə "Neftçi"də o cür baş məşqçi var (Samir Abasov - red.). Mamadu Kane və Mamadu Mbocla tez-tez danışıram, onlar deyir ki, yeni məşqçinin hədsiz tələbkar və daim qələbə istəyəndir. Bu, "Neftçi" adına xoş haldır.

Fürsətdən istifadə edib Azərbaycanda birgə çalışdığım insanlara, məşqçilərə və futbolçu yoldaşlarıma, eləcə də azarkeşlərə “salam” demək istəyirəm.