Dünən, yanvarın 25-də Frenk Lempardın istefaya göndərilməsi günün futbol hadisəsi kimi yadda qaldı.
"Çelsi"nin Premyer Liqanın turnir cədvəlində adına yaraşan yerdə qərarlaşmaması, məhz bu məşqçinin dönəmində transfer olunan futbolçuların ümidləri doğrultmaması, daxili ab-havanın yerində olmaması - bütün bunlar istefanı şərtləndirən səbəblər idi.
Offsideplus.az xəbər verir ki, Frenkin dünən yola salınmasının üç əsas səbəbi olub. Birincisi, onun baş məşqçiliyi dönəmində komandanın uğursuz transferləridir. 2019-un yayından bu yana komandanı tərk edən və yeni gələn oyunçuların transfer qiymətlərini vurub-çıxanda "Çelsi" 170 milyon avroya yaxın xərcə düşüb. Transferlərə ümumilikdə 250 milyona yaxın pul xərclənib. Belə deyək, Lempardın ehtiyac duymadıqları ilə yollar ayrılıb, istədikləri komandaya cəlb olunub. Bu qədər xərcin qarşılığında hazırkı durum turnir cədvəlində 9-cu pillə və titulsuzluqdur.
İkinci, bəlkə də ən vacib səbəb Lempardın rəhbərlikdəki əsas söz sahiblərindən biri, klubun direktoru Marina Qranovskaya ilə münasibətlərinin qaydasında olmaması idi. Baş məşqçi hər imkanda 45 yaşlı funksionerlə mübahisə edir, iradları ilə razılaşmır, belə deyək, Roman Abramoviçin klubdakı adamını qəbul etmək istəmirdi. Həmin xanım ki, 1997-ci ildən Abramoviçlə çalışır, adıçəkilən milyarder “Çelsi”yə sahib çıxan gündən klubda işləyir.
Hətta Havertzlə Vernerin transferləri zamanı Lempardla Qranovskaya arasında əməlli-başlı münaqişə yaşanıb. Klubun direktoru baş məşqçini “ya sən qalacaqsan, ya mən” şəklində hədələyib. Buna baxmayaraq, Abramoviç məşqçilikdə ilk addımlarını atan sabiq futbolçusuna şərait yaratmaq üçün qarşısında “yaşıl işıq" yandırıb, Marinanı isə səbrli olmağa çağırıb. Çünki bu transferlərdən sonra “Çelsi”nin xarüqələr yaradacağına ümid edirdi.
Və üçüncü səbəb: Tomas Tuxelin gözlənilmədən PSJ-dən ayrılıb, Abramoviç üçün “yağlı tikə”yə çevrilməsi. Dekabrdan bu yana klub rəhbərliyi axtarışa çıxsa da, komandanı uğura daşıyacağına əmin olduğu məşqçini tapa bilmirdi. Ona görə də Lempardın istefası yubanırdı. Tuxelin PSJ-dən ayrılması “Çelsi”nin başbilənlərini hərəkətə keçirdi. Cəmi bir həftəni əhatə edən müzakirələrdən sonra tərəflər əl sıxmaq qərarına gəldilər.