Növbəti müsahibimiz "Səbail"in Cənubi Afrikalı yarımmüdafiəçisi Hendrik Ekşteyn olub.

Offsideplus.az-a eksklüziv müsahibəsində Ekşteyn, "Səbail"in bu mövsümkü çıxışı, Maykl Essyenin Azərbaycan Premyer Liqasına təsiri və hazırkı klubunda nələrə nail olmağı hədəflədiyindən danışıb.

Müsahibəni təqdim edirik:

- Mövsümün ilk turu barədə təəssüratlarınız necə olmuşdu?

- Premyer Liqanın ilk görüşlərində ortaya yaxşı iş çıxarmadıq. Bütün oyunlarda məğlub olsaq da, sonradan geridönüş etməyi bacardıq: İki qələbə və üç heç-heçə. Məncə, bu göstərici indilik yaxşıdır.

Esktein

- Son görüşlərdə "Səbail"də inkişafın olduğu diqqətləri çəkir. Sistemdə dəyişiklik olub, yoxsa həmişəki kimidir?

- Xüsusi bir dəyişiklik olmayıb. Komanda olaraq söhbət etdik və peşəkar futbolçu kimi düşüncə tərzimizi dəyişməli və qələbə ruhuna köklənməli olduğumuza qərara gəldik. Qalib gəlmədən başa vurduğumuz 3 oyundan sonra situasiyanı dəyişdirmək üçün razılaşdıq. Komandamız və tərəfdaşlarımız üçün qələbə qazanmalı idik. Baş məşqçi və "Səbail"dəki hər kəs üçün savaşmalıydıq.

- Mövsümə "Səbail"də başlamadınız. Ailə problemlərinizin olduğunu oxumuşduq. Bu problemlər həll olundu?

- Bəli. Bütün problemlər aradan qalxdı. Bu səbəbdən Premyer Liqada görüşlər başlayanda ətrafda deyildim və 3 oyunu buraxdım. Komanda ilə bu barədə söhbət etmişik, indi hər şey yaxşıdır.

- Komandaya qayıdanda bir təsir bağışladığınızı düşünürsünüz?

- Bir təsir yaratdığımı deməzdim, çünki hər şey komanda ilə bağlıdır. Deyə bilmərəm ki, hər şey mənim haqqımdadır. Lakin bilirəm ki, həmişə komanda üçün yaxşı bir şey etməliyəm. Geri qayıdanda isə hər şey daha yaxşı oldu.

- Ötən mövsüm Maykl Essyenlə oynamışdınız, sizcə, o, Azərbaycan futbolunda bir təsir yarada bilib?

- Düşünürəm ki, bunu bacarıb. O təcrübəli oyunçu idi və bu təcrübəni Azərbaycanla bölüşdü. Maykl Essyenin Avropanın nəhəng klublarında çıxış etdiyini bilirik. Azərbaycan Premyer Liqasına gəlincə isə, məncə, çox böyük təsir göstərdi. O həm də "Səbail"də bizə müəyyən dərəcədə təsir etdi: daim bizimlə söhbətləşir, məşqlərdə bizə yardım edirdi. Ondan çox şey öyrəndik.

Esktein and essien

- İlk turda "Sabah"dan üstün idiniz. "Səbail" bu həftəsonu yenidən "Sabah"a qarşı oynayacaq, sabiq komandanıza qarşı nəyisə sübut etmək istəyirsiniz?

- Bir şeyi sübut etmək üçün oynamıram. Komandam üçün, "Səbail" üçün oynayıram və əlimdən gələni edirəm ki, hər həftə oyuna çıxa bilim. Baş məşqçiyə "Sabah" üçün yox, "Səbail" üçün oynadığımı göstərməliyəm. "Sabah" barədə düşünmürəm, fikirləşirəm ki, "Səbail" üçün əlimdən gələnin ən yaxşısını edim ki, qalib gələ bilək.

- Əcnəbi futbolçu kimi Azərbaycanda nə kimi çətinliklərlə qarşılaşırsınız?

- Düzünü desəm, gələndən bəri Azərbaycanda heç bir çətinliklərlə qarşılaşmamışam. Çünki hər şey yolundadır və məni çox xoş qarşıladılar. Heç bir çətinliyim olmayıb. Burada olmağımdan məmnunam. 

- "Səbail"lə xüsusi bir hədəfiniz varmı?

- Bi futbolçu kimi, mən də daha böyük klublarda, nəhəng liqalarda və Avropanın top turnirlərində çıxış etmək istərdim. Özümün və komandamın Avropa Liqası və ya Çempionlar Liqası kimi klublarda iştirak etməyini görməkdən məmnun olardım. Bu turnirlərdə iştirak etmək mənim və komandam üçün böyük şərəf olardı.

 

Esktein in baku

 

- Bakıda boş vaxtlarınızı necə keçirirsiniz?

- Əsasən şoppinqə və ya yeməyə gedirəm. Bəzən isə evdə qalır və dincəlirəm. Vaxtımın çoxunu klubda keçirirəm, çünki çox gəzən biri deyiləm.