OFFSİDE Sport Media Azərbaycan şahmatı haqqında silsilə yazılarını davam etdirir. Öncəki araşdırmamız bu sahədə hökm sürən problemlərin birbaşa Azərbaycan Şahmat Federasiyasından qaynaqlandığını ortaya çıxarmışdı. Bu dəfə respublikada uşaq şahmatının durumu, çatışmazlıqları, federasiyanın bu istiqamətdə fəaliyyətini təhlil etməyə çalışacağıq.
Keçmişin səhvlərdən nəticə çıxarmayanlar
Azərbaycan bir zamanlar SSRİ-də gənc şahmatçıların yetişdirilməsi işini uğurla icra edən respublikalar arasında gedirdi. Amma 1950-ci illərdə ölkəmizdəki şahmat mühiti gələcəyə nikbin baxmağa əsas vermirdi. Köklü dəyişiklik tanınmış elm və idman xadimi Çapay Sultanovun Şahmat Federasiyasına sədr seçilməsindən sonra başlanmışdı. 1968-ci ildə Bakıda fəaliyyətə başlayan ilk şahmat məktəbindən sonra əyalətlərdə də analoji müəssisələr inşa olundu.
Növbəti mərhələdə Azərbaycan SSRİ məkanında şahmat tədrisi üzrə kompüter sistemi işlənib hazırlanan ilk respublika oldu. Sistemdə bütün Azərbaycan ərazisində yerləşən 44 məktəb, şahmat gedişləri və s. haqqında məlumatlar vardı. 1987-ci ildə FİDE prezidenti Florensio Kampomanes Bakıya səfəri zamanı uşaqlara şahmatın öyrədilməsi üçün innovativ üsulların tətbiqini yüksək qiymətləndirmişdi. Həmin il SSRİ Şahmat Federasiyası AŞF-nin iş təcrübəsini ittifaq respublikalarına tətbiq etmək barədə qərar çıxarmışdı.
Sovet imperiyası tarixin yaddaşına qovuşandan sonra digər sahələr kimi, şahmat da dövrün sərt sınaqlarına məruz qaldı. AŞF min bir əziyyətlə əldə olunmuş nailiyyətlərə, şahmat irsinə laqeyd yaşaşmaqla baş qaldıran böhranı aradan qaldıra bilmədi. Federasiyada hökm sürən qeyri-peşəkar, neqativ ab-hava uşaq şahmatına da sirayət etdi. Nəticədə uzun müddət şahmat səhnəsinə yeni simalar gəlmədi. Bu "quraqlığın" başlıca səbəbi şahmat məktəbləri ilə işin düzgün qurulmaması, istedadlı uşaqlara dəstək verilməməsidir.
Azərbaycanda hazırda Təhsil Nazirliyi sistemində 70-ə qədər uşaq-gənclər şahmat məktəbi var. Nazirliyin nəzdində "Təhsil" Respublika İdman Mərkəzi də fəaliyyət göstərir. Bu Mərkəzə daxil olan 6 İdman-Şahmat Məktəbi (Bakıda 4, Lənkəran və Şirvanda 1 filial) uşaqların asudə vaxtını səmərəli keçirməsinə xidmət edir. Digər Uşaq-gənclər məktəbləri rayon təhsil şöbələrinin kurasiyasındadır. İdman məktəblərində məşğələ dərs vaxtından sonra, həftədə 2-3 dəfə nəzərdə tutulur. Şahmat bölməsinin şagirdlər arasında çox populyar olduğunu qeyd etmək lazımdır. Bu müəssisələrin yetirmələrinə sonrakı mərhələdə federasiya dayaq olmalıdır. Elman Rüstəmov və komandasının sözügedən məsələdə süst və etinasız davranışı sadəcə təəssüf doğurur. Beləliklə, gənc şahmatçılar yoluna davam etmək üçün şəxsi imkanlarına arxalanmalı olurlar. Xüsusilə regionlarda yaşayan uşaqlar ikiqat çətinlik çəkir. Bakıya gəlib federasiyanın başbilənlərini görmədən nəyəsə ümid etmək olmur.
Mərhum Çapay Sultanov ötən əsrin 60-cı illərində yerli şahmatın problemləri sırasında qeyd edirdi:
"Mərkəzdən kənarda yaranmış situasiyanın üzərindən susqun keçmək olmaz. Hər il Respublika birinciliyinə bacarıqlı, istedadlı gənclər və qızlar gəlir. Onların şahmat nəzəriyyəsi haqqında məhdud təsəvvürü var. Əsas təqsir rayon şahmatçılarına praktiki köməklik göstərmək üçün ora getməyən Respublika Şahmat Federasiyasının üzərinə düşür... 19-20 yaşına qədər şahmatçı ilə məqsədyönlü iş aparılmırsa, həmin dövrdən sonra ondan nəsə gözləmək olmaz. Əlbəttə, buna ictimaiyyət öz kəskin mövqeyini bildirməlidir".
Hazırda Azərbaycan şahmatına nostalji yaşadan Faiq Həsənov – Mahir Məmmədov tandemi 50 il öncənin səhvlərini təkrarlayır. Yeganə fərq odur ki, indi bölgələrdə koordinasiya işləmək üçün şahmat məktəbləri var.
Federasiyanın işini valideynlər özləri görür
AŞF-də şahmatçı və məşqçilər arasında ayrı-seçkilik, "doğma" və "yad" kateqoriyalarına bölünmə artıq çoxlarının dilindən səslənməkdədir. Azərbaycanın tanınmış qrossmeysteri, FİDE məşqçisi Azər Mirzəyev şahmat industriyasını əlində cəmləşdirənlərin öz yazılmamış qanunları olduğunu deyir. Onun sözlərinə görə, federasiyanın vitse-prezidentləri məşqçiləri şəxsi maraqları rəhbər tutaraq təyin edirlər. Məşqçilər isə “özününkü” olmayan istedadlı şahmatçıların əvəzinə tələbələrini irəli çəkməklə məşğul olur. Vəziyyət elə həddə çatdırılır ki, karyerasını düşünən şahmatçı rəhbərliyin “xeyir-duasını” alan məşqçilərdən birini seçməyə məcbur olur:
"Şahmat Federasiyasının məşqçiləri Respublika çempionatının mükafatçıları və istedadlı uşaqlara təmənnasız dərs keçməlidir. Amma onlar hər dərsə 20 manat pul tələb edirlər. Buna isə hər kəsin imkanı çatmır. Həmin məşqçilərə federasiya tərəfindən məvacib kəsilib. Uşaq və yeniyetmə şahmatçıların ildə ən azı 2 dəfə təlim-məşq toplanışı olmalıdır. Onları müəyyən meyarlara görə seçib yarışlara ezam etməlidirlər. Federasiya öhdəsinə düşən bu işlərin heç birini görmür, bütün güc valideynlərin üzərindədir. Övladının gələcəyini şahmatda görən valideyn məcbur olur ki, məşqçinin və yarışların pulunu cibindən ödəsin. "Aeroflot Open 2020"nin qalibi Aydın Süleymanlının indi sponsoru var. Daha öncə onu da ailəsi maliyyələşdirirdi. Şahmat idman məktəbləri hazrda Təhsil Nazirliyinin balansındadır. Nazirlik "Təhsil" RİM şahmatçıları məktəblilər arasında dünya və Avropa çempionatlarına göndərir. Federasiya nazirliyə mütəmadi təkliflər verməli, nəsə etməyə özü maraqlı olmalıdır. Lakin AŞF konkret olaraq yerində sayır" .
AŞF-nin qaydaları və ona uyğun gəlməyənlər
Azyaşlı şahmatçıların yarışlara valideynlərinin şəxsi vəsaiti hesabına getməsi iddiası barədə Şahmat Federasiyasının mövqeyini öyrənməyə çalışdıq. Vitse-prezident Faiq Həsənov ünvanına səslənən ittihamları əsassız adlandırdı.
“Bu barədə danışmağın vaxtı deyil. Mənə ümumi sözlər deməyin. Konkret lazımdır, şikayətçi və narazı valideyn kimdir? Qayda belədir ki, Azərbaycan çempionatının birincisi dünya, ikincisi Avropa çempionatına göndərilir. Ümumi iradlara cavab verməyəcəm. Ətraflı bilmək istəyən gəlib federasiyadan maraqlana bilər” – federasiya rəsmisi bildirdi.
Faiq müəllim bəyan etdİyi qaydalardan belə çıxır ki, ölkədə çempion və vitse-çempiondan başqa istedadlı uşaq yoxdur. Valideynlərinin əlini cibinə salıb turnirlərə göndərdiyi uşaqlar federasiyanın müəyyən etdiyi “qaydadan kənarda qalanlar”dır. Misal kimi FİDE ustası Ayan Allahverdiyevanı göstərmək olar. Məşqçinin sözlərinə görə istedadlı şahmatçı 2016-cı ildə Batumidə keçirilən kadetlər arasında dünya çempionatına bankdan götürülmüş kredit hesabına yollanıb. O, daha öncə - 2015-ci ildə 10 yaşadək qızlar arasında Avropa ikincisi olmuşdu. A.Allahverdiyevanın öz hesabına yarışlara getməsi təəccüblə qarşılanmamalıdır. AŞF uşaq şahmatına ciddi yanaşmadığından bu kateqoriyadan olan zəka sahiblərini xaricdəki turnirlərə göndərməyə can atmır. Buna sübut kimi 2019-cu ildə Çində keçirilmiş kadetlər arasında (U10) dünya çempionatını qeyd edə bilərik. Həmçinin 2019-cu ildə il Çexiyada (Pardubtse) keçirilən yeniyetmə və gənc komandalar arasında, eləcə də sürətli şahmat üzrə Estoniyada bütün yaş qrupları üzə keçirilən Avropa çemponatında Azərbaycan təmsilçisi iştirak etməyib.
Federasiya beynəlxalq turnirlərə adətən daxili çempionatda ilk 2 yeri tutanları göndərir. Unutmaq olmaz ki, İstedadlı şahmatçının federasiya qarşısında 1 və ya 2-ci olmaq kimi mükələfiyyəti yoxdur. Psixoloji, taktiki hazırlıq və s. səbəblər gələcəyin ulduzlarına ilkin mərhələdə mane ola bilər. Yarışlara daha çox uşaq göndərmək federasiyaya əlavə xərc kimi görünürsə, bunu gizlətmək lazım deyil. Doğrudur, əksər ölkələrdə şahmatçıları fərdi turnirlərə müvafiq assosasiya yox, sponsorları göndərir. Amma AŞF-nin hazırki rəhbərliyi son 13 ildə fürsət düşən kimi şahmata qayğıdan danışırsa, bunu praktik formada göstərməlidir.
Azərbaycan şahmatında baş verənləri izləyən insanların yaxşı bldiyi faktlar var. Məlumdur ki, qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, mərhum Vüqar Həşimova şahmatçı kimi uğurları federasiya yox, məhz ailələri qazandırıb. Ş.Məmmədyarov 2700 reytinq xalı yığana qədər atası ilə məşq etdiyini, daha sonra öz məşq komandasını şəxsi vəsaiti ilə saxladığını müsahibələri zamanı vurğulayıb. Perspektivli şahmatçı Günay Məmmədzadə də maliyyə baxımından valideynlərindən dəstək aldığına işarə vurmuşdu. Görəsən, Faiq müəllimin bunlardan xəbəri yoxdur?
Təhsil Nazirliyi və AŞF-nin məhdud əməkdaşlığı
Azərbaycanda uşaq və yeniyetmə şahmatçıların üzə çıxarılmasında Gənclər və İdman Nazirliyi, AŞF ilə yanaşı, Təhsil Nazirliyinin də öhdəçliyi var. Faiq Həsənov Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiklərini bildirsə də, ictimaiyyət arasında iki qurum arasında soyuqluq olduğu deyilir. Bu soyuqluq hələ sabiq Təhsil naziri Misir Mərdanovun vaxtında maraqların toqquşması səbəbindən yaranmışdı. Elmar Rüstəmov Respublikadakı şahmat məktəblərinin nazirlikdən alınaraq AŞF-nin balansına verilməsinə çalışmış, M.Mərdanov isə buna bacardığı qədər müqavimət göstərmişdi.
“2009-2014-cü illərdə şahmatın inkişaf etdirilməsi” Dövlət Proqramına görə ümumtəhsil məktəblərində şahmatın tədris prosesinə salınması nəzərdə tutulmuşdu. Faiq Həsənov həmin vaxt bildirmişdi ki, bu dərsi şahmat məşqçilərinin keçməsi məqsədəuyğundur. Amma Təhsil Nazirliyi buna məhəl qoymadı və müəllimlərə qısamüddətli şahmat kursları təşkil etməklə kifayətləndi.
2019-cu ildə keçirilmiş ölkədaxili şahmat yarışlarının əsas təşkilatçısı kimi “Təhsil” RİM, Gənclər və İdman Nazirliyi çıxış edib. Şahmat Federasiyasının işi Bakı və Naxçıvandakı açıq çempionatlar, “Shamkir Chess”, Azərbaycan birinciliyini keçirməklə tamamlanıb. Son 2 ildə Təhsil Nazirliyinin xətti ilə keçirilən ümumtəhsil məktəbləri arasında çempionatların təşkilatçısı sırasında AŞF də göstərilir. Lakin bu turnirlər daha əvvəl federasiyanı idarə edənlərin iştirakı olmadan da keçirilirdi. “Təhsil” RİM 6-16 (7-17) yaşadək oğlan və qızlar, şahmat komandaları arasında respublika çempionatının zona yarışlarını təşkil edir. Respublika birinciliyinin final mərhələsində fərqlənən 12 şahmatçı və nüfuzlu turnirlərin ötənilki qalibləri məktəblilər arasında dünya, Avropa çempionatına göndərilir. Qeyd edək ki, ötən il məktəblilərin Avropa çempionatında (Rumıniya 31 may – 8 iyun) təmsilçilərimiz 4, dünya çempionatında (Türkiyə, 17-27 aprel) isə 1 medal qazanıb.
Yüksək intellektə malik uşaqların şahmat zirvəsinə yolu idman məktəblərindən başlayır. Şahmat Federasiyası isə regionardakı şahmat idman məktəbləri ilə bağlı müəyyən layihə həyata keçirməkdə maraqlı görünmür. Uşaq şahmatına yanaşma metodu da uğursuz seçilib. AŞF nəticə göstərməyən, lakin istedadı olan uşaqların potensialını üzə çıxarmaq fikrindən uzaqdır.
Gürcüstan, Ermənistan, Türkiyə və digər ölkələrdə gənc şahmatçıların hazırlanması müasir texnologiya, innovativ metodlar vasitəsilə həyata keçirilir. Azərbaycanda şahmatın inkişafı üzrə dövlət proqramında həmin təcrübənin tətbiqinə yer verilmişdi. Lakin indiyə qədər də üzdə olan qrossmeysterlərdən başqa, xüsusi kompüter verilmiş şahmatçı yoxdur. Bu səbəbdən Elman Rüstəmov və komandası şahmatın inkişafı üzrə Dövlət proqramının icrasındakı nöqsanları təhlil edib nəticə çıxarılmalıdır. AŞF toplantı, pelnum keçirib qarşıya konkret hədəflər qoymadığı müddətdə problemlər qalmaqda davam edəcək.